ABŞ və Meksika ticarət müzakirəsi mövzusunda razılığa gəldi

“Meksika ilə ticarət müzakirələri mövzusunda razılığa gəlmişik”.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı açıqlayıb. Oval ofisdə keçirilən mətbuat konfransı zamanı Tramp Meksika prezidenti Enrike Penya Nieto ilə telefon əlaqəsi saxlayıb.

1994-cü ildə qüvvəyə minən və ABŞ, Meksika, Kanadanın üzv olduğu Şimali Amerika Sərbəst Ticarət Müqaviləsinin (NAFTA) adının dəyişdiriləcəyini qeyd edən Tramp bildirib ki, yeni razılaşmanın adı “ABŞ-Meksika Ticarət Razılaşması” olacaq. NAFTA-nın yaxşı səslənmədiyini deyən Tramp bildirib ki, bu, illərdir ABŞ-a zərər verir: “Hazırda qüvvədə olan müqavilə (NAFTA) ləğv ediləcək və ABŞ-Meksika razılaşması qüvvəyə minəcək”.

"Bu, ən böyük ticarət sazişi ola bilər” deyən Tramp bildirib ki, Kanada ilə də ticarət danışıqları qısa müddət sonra başlayacaq. Onun sözlərinə görə, Kanada ilə ya ayrı razılaşma olacaq, ya da ABŞ-Meksika razılaşmasına daxil ediləcək. Digər tərəfdən, Kanadanın ABŞ-dan idxal etdiyi süd məhsullarının bəzilərinə 3 dəfə çox gömrük vergisi tətbiq edildiyinə diqqət çəkən Tramp bildirib ki, “ən asanı Kanadanın avtomobillərinə gömrük tarifi tətbiq etməkdir, amma əvvəl onlara bir şans verəcəyik”.

NAFTA-nı modernləşdirmək və yeniləmək üçün aylardır ABŞ-la çalışdıqlarını qeyd edən Meksika prezidenti deyib ki, “ümid edirəm Kanada da yeni razılaşmanın bir parçası olacaq”.

Qeyd edək ki, Amerika Qanununa görə, ABŞ və Meksika arasında yeni müqavilənin qüvvəyə minə bilməsi üçün Tramp Konqresə ən azı 90 gün əvvəl yeni ticarət razılığına gəldiklərini xəbər verməlidir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR