Kanada Səudiyyə Ərəbistanına qarşı Almaniyadan kömək istədi

Səudiyyə Ərəbistanı ilə böhran yaşayan Kanada Almaniyaya çağırış edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanı bütün dünyada insan hüquqlarının pozulmasına qarşı birlikdə mübarizə aparmağa çağıran Kanada xarici işlər naziri Kristi Friland, ölkə adı çəkmədən Almaniyadan Səudiyyə Ərəbistanına qarşı onlara dəstək olmasını istəyib.

Berlində illik alman səfirlər konfransında danışan Friland deyib: “Öz işimizə baxmalıyıq deyiləndə və bizim üçün ağır nəticələri olanda belə, biz hər zaman insan hüquqlarının müdafiəçiləri olacağıq. Almaniyanın dəstəyinə güvənir və bizə arxa çıxacaqlarını ümid edirik”.

Qeyd edək ki, Kanada ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələr, avqustun əvvəlində Kanada Xarici İşlər Nazirliyinin rəsmi Tvitter hesabından paylaşdığı statusdan sonra gərginləşib. Kanada xarici işlər naziri Riyadda Səudiyyə Ərəbistanı əsilli Kanada vətəndaşı, bloq yazarı Raif Badavi ilə bacısı Samar Badavi və başqa bir qadının daha həbs edilməsinə görə status yazmışdı. Friland həmn statusunda bu hadisədən çox narahat olduqlarını deyərək Səudiyyə Ərəbistanından həmin şəxslərin dərhal azad edilməsi çağırışını etmişdi.

Bundan sonra Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də Tvitterdı status yazaraq Kanada ilə bütün ticarət əlaqələrini dondurduğunu elan edib. Bundan əlavə, Səudiyyə Ərəbistanı Kanadadakı səfirini geri çağırıb. Ər-Riyaddakı Kanada səfiri isə persona non-qrata elan olunub və 24 saat ərzində ölkədən çıxması tələb olunub. Krallıq Kanada ilə bütün yeni ticarət və investisiya tranzaksiyalarını dondurub.

Səudiyyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, bu qərar “Kanadanın açıq-aşkar Səudiyyə Ərəbistanının daxili işlərinə qarışmasına” cavab olaraq verilib. Bu, beynəlxalq normalara ziddir, suverenlik prinsipini pozur.

Almaniya ilə Səudiyyə Ərəbistanı arasındakı münasibət isə ötən il Livanın Baş naziri Saad Həririnin istefasından sonra gərginləşib. Almaniyanın eks xarici işlər naziri Siqmar Qabriel bu istefada Səudiyyə Ərəbistanını günahkar bilərək sərt tənqid etmişdi. Bundan sonra Berlindəki səfirini geri çağıran Səudiyyə Ərəbistanı, Almaniya ilə ticarət əlaqələrini məhdudlaşdırıb.

Səudiyyə Ərəbistanı ilə Avropa Birliyinə üzv ölkələr arasındakı əlaqələr isə AB-nin Səudiyyə Ərəbistanını Yəmənin vətəndaş müharibəsinə müdaxilə etməkdə günahlandırdığı üçün gərgindir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR