​İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa?

İctimai yerlərdən tez-tez istifadə edirik. Müxtəlif hadisələrlə qarşılaşırıq. Bəziləri bizdə xoş, bəziləri də xoş olmayan təsirlər bağışlayır. Bunlara siqaret çəkib yerə atmaq, insanların qarşısında hara gəldi tüpürmək, söyüş söymək və.s daxildir. Belə hallar bəzən normadan daha çox yaşanır ki, bu da insanların istər psixologiyasına, istərsə də əhvalına təsir göstərir və həmin şəxslər günü mənfi hislər ilə başa vurmalı olurlar.

Yaşadığım bir hadisə mənə bu haqda köşə yazmağı, müəyyən fikirlər söyləməyi vadar etdi. Düşünürəm ki, ictimai yerlərdə yaşanan mənfi hallar haqda nə qədər məlumatlar yazılsa, danışılsa, fikir bildirilsə bir o qədər həmin hadisələrin qarşısı alınmış olar. Çünki bəzi şəxslər ictimai yerlərdə davranış, ədəb qaydaları haqda çox az məlumatlıdırlar.

Dayanacaqda avtobus gözləyirdim. Ağ köynək, qara şalvarlı bir şəxs dayanacağın qabağına gəldi, hər kəsin içərisində “nəyi var” avtomobil yoluna tüpürdü. Bəziləri sıxlıqdan görmədi. Ancaq görənlərdə də xoş olmayan bir hal yaşandı, iyrəndikləri açıq-aşkar sezildi. Eyni zamanda, onun yanında dayanan birisi kimi mənə də bu heç xoş gəlmədi. İşin yorğunluğu, eyni zamanda da bu hadisə əhvalıma mənfi təsir etdi.

Ağlıma ilk gələn onu tənqid etmək əvəzinə, "görəsən bilərək etdi, yoxsa məlumatı yoxdur?" sualı oldu. Bununla bağlı olaraq “Facebook” profilimdə paylaşım etdim. Sosial media istifadəçilərinin bu haqda nə düşündüyünü öyrənmək istədim. Paylaşmadakı rəyləri və söylənən ümumi fikirləri nəzərə alsaq əksər istifadəçilər bu kimi halların ədəbsizlik olduğunu, ictimai yerlərdə davranış qaydalarına bəzi insanların əməl etmədiyini bildirdilər. Ədəb qaydalarından əlavə belə hal ətrafdakı insanların iyrənməsinə də səbəb olur. Bu kimi səbəbləri nəzərə alaraq, insanların sıxlıq olduğu yerlərdə yerə tüpürməmək, əgər təcilidirsə, kənar bir yerə çəkilərək bu hərəkəti etmək lazımdır.

İctimai yerlərdə davranış, ədəb qaydalarına əməl etmək çox önəmlidir. Hətta belə yerlərdə məlumat lövhələrinin yerləşdirilməsi də vacibdir. Həmin lövhələrdə ədəb qaydaları – hər kəsin içində yerə tüpürməmək, siqaret çəkməmək, söyüş söyməmək və s. haqda məlumatların əks olunması insanların bunu göz önündə olduğu üçün tez-tez oxumasına və müəyyən dərəcədə əməl etməsinə şərait yaradacaq.

Hər kəs özünün qarşısına belə hadisə çıxarsa, nə reaksiya verər, düşüncəsilə ictimai yerlərdə hərəkət etməli və başqalarını nəzərə almalıdır.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı