“Arzuların ardınca” filmi may ayında kinoteatrlarda nümayiş etdiriləcək

“Arzuların ardınca” filmi may ayında kinoteatrlarda nümayiş etdiriləcək
14:28 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, Flora Şükürova, AZƏRTAC
Mayın 14-dən etibarən rejissor Ramil Ağasiyevin “Arzuların ardınca” filmi kinoteatrlarda nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, melodram janrında lentə alınmış "Arzuların ardınca" filmi baş qəhrəman Kamilin həyatının son aylarından bəhs edir. Ömür boyu tənha yaşayan və həyatda sevginin nə olduğunu bilməyən Kamil üçün yeganə məşğuliyyət onun işidir. Xəstəxanada qoyulan xərçəng diaqnozu ilə hər şeyin bitdiyini zənn edən Kamilin ağlına belə gəlməzdi ki, onun yaşayacağı son aylar, ötən 30 ildən qiymətli olacaq. Kamil xəstəxanada Arzu ilə tanış olduqdan sonra bu günə kimi sevgiyə bənzətdiyi bütün hisslərinin yalan olduğunu anlayır. Amma onları birləşdirən tək hisslər deyil. Həm Kamilin, həm də Arzunun həyatda çoxlu arzuları var. Onlar xəstəliyi unudub sadəcə yaşamağa, hiss etməyə, xoşbəxt olmağa çalışırlar. Arzu Kamilin itirdiyi keçmişi tapır. Kamil isə ona arzuladığı gələcəyi göstərir.
Filmin quruluşçu rejissoru Ramil Ağasiyev, prodüserləri Asif Rəhimov və Rauf Ağasıyev, ssenari müəllifi Mehman Rəsulov, operatoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Elgün Vəliyev, qrim ustası Natalya Oleqovna, səs rejissoru Fuad Allahverdiyev, montajçısı isə Nicat Zeynallıdır. Filmdə Ziya Ağa, Zarina Qurbanova, Vaqif Əsədov, Rasim Cəfər, Aynur Hüseyn və Flora Hüseynova çəkiliblər.
Qeyd edək ki, tezliklə ekranlara çıxacaq “Arzuların ardınca” filminin əsasında Əməkdar Artist Sevda Ələkbərzadə görkəmli bəstəkar Səid Rüstəmovun “Getmə, getmə” mahnısına klip də çəkib. Mahnının aranjemanı Muxtar Abseynova məxsusdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Arzularin_ardinca_filmi_may_ayinda_kinoteatrlarda_numayis_etdirilecek-849013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR