Azərbaycan nəşrləri Budapeşt Beynəlxalq Kitab Festivalında (FOTO)

Azərbaycan nəşrləri Budapeşt Beynəlxalq Kitab Festivalında (FOTO)
19:58 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Budapeşt şəhərində keçirilən 22-ci Beynəlxalq Kitab Festivalında ölkəmizdə nəşr olunan çap məhsullarından ibarət milli stend nümayiş etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.

Azərbaycan mədəniyyətinə, tarixinə, Dağlıq Qarabağ həqiqətlərinə, turizm potensialına və I Avropa Oyunlarına dair 200 adda nəfis tərtibatda, yüksək məzmuna malik ingilis, rus, ərəb dillərində nəşr məhsulları və səfirliyin dəstəyi ilə macar dilində çap olunmuş kitablar sərgilənir. Maraqlanan ziyarətçilərə əməkdaşlar tərəfindən ölkəmiz və I Avropa Oyunları haqqında müfəssəl məlumat verilir.

Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə Eötvös Lorand adına Macarıstan Dövlət Elmi Universitetinin Humanitar elmlər fakültəsinin Türkologiya bölməsinin tələbələri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Görüşü fakültənin dekanı professor Rudolf Sardi açıb. O, Azərbaycan nümayəndə heyətini salamlayaraq mədəni əlaqələrin və tərcümə sahəsinin önəmindən söz açıb: “Bakı - Qafqaz regionunun mədəni qovşağıdır. Biz istərdik ki, Azərbaycan və Macarıstan arasında mədəni və ədəbi əlaqələr möhkəmlənsin”.

Daha sonra Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev hər iki ölkə arasındakı mədəni və ədəbi əlaqələrdən danışıb: “Bu zalda Azərbaycan ədəbiyyatı ilə maraqlanan tələbələr toplaşıb. Səfirliyimiz tərəfindən Azərbaycan ədəbiyyatına aid 50-dən çox kitab macar dilində nəşr olunub. Bu kitabların əksəriyyəti Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, folkloru, elmi ilə bağlıdır. Həmin nəşrlərdən “Azərbaycan nağılları”nın, Azərbaycan klassiklərinin əsərlərinin adlarını çəkmək olar. Səfirlik 2012-ci ildə “Biz Azərbaycan haqqında nə bilirik?” mövzusunda müsabiqə elan edib. Həmin müsabiqəyə mətn göndərən tələbələrin esseləri kitab halında çap olunub və qalib olan 6 müəllif bir həftəlik Azərbaycana göndərilib. Biz belə tədbirlərin keçirilməsini davam etdirəcəyik”.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxışında qeyd edib ki, Azərbaycan və Macarıstanın tarixi kökləri ən qədim dövrlərə gedib çıxır: "Azərbaycan müstəqillik əldə etdikdən sonra Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Azərbaycan-Macarıstan əlaqələri daha çox mədəniyyət, ədəbiyyat və təhsil sahəsində inkişaf edib. Bir çox azərbaycanlı tələbələr Budapeştin təhsil müəssələrində təhsil almağa böyük maraq göstərirlər. Azərbaycanda Macarıstan mədəniyyəti günləri keçirilib. Tədbir iştirakçıları Macarıstanın turizm potensialı, onun iqtisadiyyatı və mədəniyyəti ilə tanış olublar. Macar musiqisi və rəqsləri Bakıda böyük maraqla qarşılanıb. Bu ilin iyun ayında Azərbaycanda I Avropa Oyunları keçiriləcək və biz sizləri həmin Oyunlarda iştirak etməyə dəvət edirik”.

Daha sonra Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Tərcümənin keyfiyyətinə nəzarət şöbəsinin dil mütəxəssisi Cavidan Ağayev Mərkəzin fəaliyyəti barədə məruzəylə çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2387384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR