Milli Məclisin nümayəndə heyəti Yaponiyanın qədim paytaxtı Kioto şəhərinə səfər edib

Milli Məclisin nümayəndə heyəti Yaponiyanın qədim paytaxtı Kioto şəhərinə səfər edib
19:03 23 Aprel 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+


Kioto, 23 aprel, AZƏRTAC 
Yaponiyada səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti aprelin 23-də bu ölkənin qədim paytaxtı Kioto şəhərinə səfər edib.
Kioto Dövlət Qonaq evində qarşılanan qonaqlara burada yerləşən qədim yapon bağı haqqında məlumat verilib. Qocaman bağban Toemon Sano bildirib ki, Heyan dövründə salınmış bağ Yaponiyada bolluğun və cəsarətin rəmzi olan karp balıqlarının yaşadığı hovuzdan, yerli təbiətə məxsus rəngarəng ağac və kollardan təşkil edilib. Bağ elə qurulub ki, ilin fəsillərindən asılı olmayaraq bura həmişə gözəldir və qonaqlar tərəfindən xüsusi maraqla qarşılanır. Hazırda bağın ən gözəl vaxtı olduğunu deyən bağban bildirib ki, buradakı ağaclar və güllər çiçəkləyib və öz ətirləri ilə insanların zövqünü oxşayır.
Sonra qonaqlar bağla tanış olublar. Belə gözəl bağ saxladığına görə qocaman bağbana təşəkkür edən Milli Məclisin sədri Oqtay Əsədov ona Azərbaycanla bağlı suvenir hədiyyə edib.
Həmin gün axşam Dövlət Qonaq evində Milli Məclisin nümayəndə heyətinin şərəfinə şam yeməyi təşkil olunub. Yaponiya parlamentinin qaydalar və idarəetmə komitəsinin direktoru Noqami Kotaru çıxış edərək Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin çox məhsuldar olduğunu və iki xalq arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfələr verəcəyini bildirib.
Səmimi qəbula və göstərilən diqqətə görə Yaponiya tərəfinə minnətdarlığını çatdıran Milli Məclisin sədri qeyd edib ki, həqiqətən də səfər zəngin proqramı, çoxsaylı görüşləri ilə yaddaqalan olub. Nümayəndə heyətinin Yaponiya İmperatoru, Baş naziri, parlamentin palatalarının sədrləri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərini xatırladan Oqtay Əsədov vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq üçün böyük potensial var və bu səfər münasibətlərin gələcək inkişafında mühüm rol oynayacaq.
Yaponiya parlamentinin qaydalar və idarəetmə komitəsinin sədri Kiyoşiqe Maekava Azərbaycan xalqına firavanlıq, sülh və əmin-amanlıq, ölkələrimizin dostluğunun əbədi olması arzularını çatdırıb.
Milli Məclisin nümayəndə heyətinin Yaponiyaya səfəri davam edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kioto




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Meclisin_numayende_heyeti_Yaponiyanin_qedim_paytaxti_Kioto_seherine_sefer_edib-849208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR