Azərbaycanda magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

14:47 24 Aprel 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 14:38 ]


Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 26-da 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. 

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılır. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

 


Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi aprelin 1-dən 10-dək aparılıb və bu hüquqa malik olan bakalavrlardan 10170 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 9037 nəfəri Azərbaycan bölməsi, 1133 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4337 nəfərini oğlanlar, 5833 nəfərini qızlar təşkil edir. 5766 nəfər ali təhsil müəssisələrinin builki, 4404 nəfər əvvəlki illərin məzunudur. 30 bakalavr xarici ölkə vətəndaşıdır. Bakalavrlardan 9052 nəfərinin Bakı şəhərində, 205 nəfərinin Naxçıvan şəhərində, 913 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunmasına 70 imtahan rəhbəri, 743 nəzarətçi-müəllim ayrılıb. 

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar mayın 7-dən 12-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR