Gürcüstan azərbaycanlıları uydurma “erməni soyqırımı” ilə bağlı bəyanat qəbul edib

21:38 24 Aprel 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 24 aprel, AZƏRTAC
Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi öz məkrli niyyətlərini həyata keçirməyə cəhd göstərən ermənilərin qondarma “soyqırımı” iddiaları ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, onilliklər ərzində ermənilər Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında onlara qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstəriblər. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni tələf olub. Lakin həmin dövrdə ermənilərdən də çox türklər həlak olub.
Qeyd edilir ki, bu gün ermənilərdən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabı soruşulmalıdır. Əgər ermənilər tarixi faktları obyektiv araşdırmaq istəyirlərsə, siyasi məqsədlərə görə tarixi reallığı eybəcərləşdirməkdən cəkinməli və işi mütəxəssislərə həvalə etməlidirlər. Ermənilərdən fərqli olaraq, türklər öz arxivlərini tarixçilərə açdılar və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini dəstəklədilər.
Gürcüstan azərbaycanlıları bəyan edirlər ki, ermənilərin “soyqırımı” ilə əlaqədar yayılmış məkrli iddialarının arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi tələbləri durması hamıya məlumdur: “Ermənilər bu günə kimi Türkiyənin şərqini “Qərbi Ermənistan” adlandırır və Türkiyə-Ermənistan sərhədini rəsmi şəkildə tanımır”.
Ermənistanın bu ekspansiv siyasətinin yalnız Türkiyəyə qarşı deyil, eyni zamanda, Azərbaycana qarşı yönəldiyini vurğulayan bəyanat müəllifləri ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdiyi soyqırımı aktlarını xatırladırlar.
Gürcüstan parlamentinə ünvanlanmış müraciətdə bəyan edilir ki, əgər Ermənistan region ölkələri ilə dinc yanaşı yaşamaq istəyirsə, ilk növbədə, qonşulara düşmənçilik mövqeyinə son qoymalı, onların suverenliyinə, ərazi bütövlüyünə hörmət etməlidir. “Bu, ermənilərin maraqlarına daha çox uyğundur, əks halda Ermənistan regionda təcrid olunmuş ölkə kimi qalacaq. Bunu yalan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmağa çalışan erməni lobbisi də yaxşı dərk etməlidir”, – deyə Gürcüstan azərbaycanlılarının bəyanatında diqqətə çatdırılır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustan_azerbaycanlilari_uydurma_ermeni_soyqirimi_ile_bagli_beyanat_qebul_edib-849623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR