Bu gün Azərbaycana silah satmaq istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Azərbaycan isə əvvəlki dövrlərdən fərqli olaraq, ən müasir texnikanı almaq üçün dövlətlər arasında seçim edəcək".

Bu sözləri Publika.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə potensialını gücləndirmək üçün ən müasir hərbi texnikaları almağa davam edəcək:

"Bunu ölkə başçısı, cənab İlham Əliyev 9 ayın yekunlarına həsr olunmuş müşavirədə açıq şəkildə ifadə etdi. Bu istiqamətdə görüləcək işləri daha dolğun ifadə etmək mümkün deyil deyə düşünürəm. İqtisadi, siyasi, sosial, biznes sferaları və xarici siyasətə aid Prezidentin fikirlərini ayrı-ayrı təhlil edəndə daha konkret məqamlara çıxmaq mümkündür. Məsələn, cənab Prezident silah və hərbi texnika alışını nəzərdə tutaraq bildirdi ki, “bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik, bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Şübhəsiz ki, Azərbaycan məruz qaldığı təcavüzü aradan qaldırmaq üçün özünün təbii haqqı olan silahlanmanı bundan sonra da davam etdirəcək. Müdafiə potensialını davamlı şəkildə gücləndirmək üçün ölkənin yetərli iqtisadi-maliyyə gücü var. Ən müasir və təbii ki, ən bahalı hərbi texnikaları almaqdan çəkinmirik". Cənab Prezident hər kəsə aydın mesaj verdi ki, müdafiə qüdrətini gücləndirməyə imkan verən iqtisadiyyatın da dinamik artımı durmadan davam edəcək. Müasir hərbi texnika alışının dövlətlər arasında seçmə üsulla davam etdiriləcəyi barədə cənab Prezidentin bəyanatındakı ən böyük məntiq Azərbaycanın mühum diplomatik qələbələrindən birini özündə əks etdirməsidir. Belə ki, bir vaxtlar dünya Qarabağ münaqişəsində Azərbaycanın və Ermənistanın statuslarını ziyanlı şəkildə eyniləşdirmişdi, bu səbəbdən hər ikisinə silah satışı məhdudlaşdırılmışdı. Azərbaycanın ətrafında düşmənlər əsl hərbi blokada mühiti yaratmışdılar".

Aydın Quliyev onu da əlavə edib ki, bu gün Azərbaycan digər dövlətlər arasında seçim üsulu ilə ən müasir hərbi texnika almaq imkanına sahibdirsə, bu onu göstərir ki, hərbi blokada rejimi tam dağıdılıb, Azərbaycan Qarabağ probleminin əsl mahiyyətini dünyaya tanıdıb: "Dünya Dağlıq Qarabağ münaqişəsində Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalmış tərəf olduğuna əmin olub, Azərbaycanın özünü müdafiə naminə silahlanma haqqına malik olduğunu qəbul edib. Bu, Azərbaycanın dünya miqyasında Ermənistan üzərində şəksiz diplomatik üstünlük qazandığı məqamlardan biridir. Cənab Prezident çoxşaxəli xarici siyasətin nəticəsi olaraq məhz bu böyük diplomatik uğurun əldə edildiyini və ölkənin hərbi imkanlarının gücləndirildiyini dolğun şəkildə ifadə etdi".

Könül Cəfərli