“Azersky” peykinin “Azərkosmos” ASC-nin mülkiyyətinə keçməsi prosesi may ayında tamamlanacaq

04:13 25 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 25 aprel, AZƏRTAC
“Azersky” yüksək ayırdetməli yer səthinin məsafədən müşahidə peykinin “Azərkosmos” ASC-nin mülkiyyətinə keçməsi prosesi bu ilin may ayında tamamlanacaq. İyun ayından etibarən isə yerüstü infrastrukturun quraşdırılması üçün ölçmə və hazırlıq işlərinə başlanılacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin birinci rübündə “Azerspace-1” peykinin tutumunun satışı üzrə işlər davam etdirilib və hazırda peyk üzərindən yerli və beynəlxalq səviyyəli 130-dək televiziya və 20-dən çox radio kanalı yayımlanır. Azərbaycanın paytaxtdan kənarda fəaliyyət gostərən daha bir neçə regional TV kanalının (Qütb TV, Alternativ TV, Türkel TV, Region TV) mili peykdən yayımı təşkil edilib.
“Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi arasında imzalanmış qrant müqaviləsinə uyğun olaraq, seçilmiş şirkət tərəfindən “Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb. Peyk istehsalçısının seçilməsi ilə bağlı tender elan olunub. Açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın “Orbital ATK” və “Space Systems Loral”, Çinin “China Great Wall Industry Corporation” və Fransanın “Airbus Defence and Space” daxildir. Bu ilin ortalarınadək tender üzrə qalib şirkətin seçilməsi nəzərdə tutulur. “Azerspace-2” peykinin resurslarının uzunmüddətli icarəsi və orbital mövqedən istifadə ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə müqavilə bağlanılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azersky_peykinin_Azerkosmos_ASC_nin_mulkiyyetine_kechmesi_prosesi_may_ayinda_tamamlanacaq-849667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR