Lift qəzalarının qarşısını necə alaq?

Hündürmərtəbəli yaşayış binaları və ofisləri bu gün liftsiz təsəvvür etmək mümkünsüzdür.

Metbuat.az bildirir ki, texnologiyanın inkişafı liftlərin daha sürətli və komfortlu hala gəlməsiylə yanaşı, təhlükəsizlik problemlərini də özüylə bərabər gətirib. Yəqin ki, hər biriniz liftə minən zaman qəza baş verəcəyi təqdirdə nə edəcəyiniz barəsində azı bir dəfə düşünmüsünüz. Çünki bu qəzalardan heç kim sığortalanmayıb.

Lift qəzalarının böyük qismi ipin qırılması səbəbindən baş verir. Bu qəzaların bəziləri isə liftin təmiri zamanı qeydə alınır. Çox təəssüf olsun ki, çox nadir hallarda bu qəzalardan insanlar sağ çıxırlar.

Məsələn, Rusiya keçmiş Sovet dövründən qalma liftlər bu gün də problem yaratmaqda davam edir. İstifadə müddəti bitmiş liftlərdən istifadəyə görə hər il bu ölkədə onlarla insan lift qəzalarına məruz qalır. Onların arasında yaralanan və ölənlər olur. Aparılan son araşdırmaya görə, ölkədə hazırda 120 mindən çox liftin istifadə müddəti başa çatıb. Bu da Rusiyada lift qəzalarının baş verməsi ehtimalını artırır. Bu səbəblə, 2018-ci ilin sonlarına kimi Moskvada 2 min 600 liftin yenilənməsi planlaşdırılır.

Avropada liftlər 1997-ci ildən bəri hər 6 ayda bir texniki baxışdan keçirilir. Problem aşkarlanan zaman isə həmin anda aradan qaldırılır.

250 mindən çox sərnişin və yük liftinə sahib İngiltərədə 2002-ci ildən bəri baş verən lift qəzalarında cəmi 4 nəfər dünyasını dəyişib, 266 nəfər isə yaralanıb.

Xarici ölkələrdə baş verən lift qəzalarında insan ölümünün yaşanması mediada böyük bir faciə olaraq qeyd olunur. Məsələn, 1946-cı ilın dekabr ayında Amerikada 2 qadının lift qəzasında ölməsi, 2006-cı ildə Yaponiyada bir məktəblinin liftdə havasız qalaraq ölməsi xəbəri ölkə mediasında zəlzələ effekti yaratmışdı.

Bəs liftdə qəfildən qəza baş verərsə, sağ qalmaq üçün nə etməliyik?

Lif qəzası zamanı içəridə olan şəxs yerə düşmə anında döşəməyə çırpılaraq xəsarət ala bilər. Bu da çox ciddi fəsadlara, hətta ölümə belə səbəb ola bilər.

Bunun qarşısını almaq üçün ayaq üstə durub zərbə anında tullanmaq düzgün seçim deyil. Mütəxəssislərin fikrincə belə hallarda ən az xəsarətlə həyatda qalmaq üçün döşəmədə döl formasında yatmaq lazımdır. Həmçinin mümkün qədər yığcam forma almalı və az yer tutmalısınız. Əllərinizlə başınızı sıxmalı, qollarınızı bədəninizə yapışdırmalısınız. Mütəxəssislərin fikrincə bu metod daha az xəsarətlə xilas olma ehtimalını artırır.

Lift qəzalarının yaşanmaması üçün azı ildə bir dəfə bütün liftlər texniki yoxlamadan keçirilməlidir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sabah hava belə olacaq - Proqnoz açıqlandı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR