​Dil sadəcə danışmaq üçün deyil - Tural İsmayılov yazır

Fəlsəfənin bütün ictimai elmlərdən ayrıldığı 19-cu əsrdən sonra fəlsəfə ilə digər sahələrin münasibətləri müəyyənləşdi. Bir tərəfdə filosoflar gerçəyi axtarmaq azarından əl çəkərək, varlıq və səbəb-nəticə ilişkilərinə fokuslanır, digər tərəfdə isə fəlsəfənin konkret fokuslanmalı olduğu arenaların olması iddiaları kökündən yanlış hesab edilirdi. Bu düşüncələr üzərinə Derrida fəlsəfə ilə digər sahələrin münasibətlərini sistemləşdirir və fəlsəfənin konkret formada həmin sahələrdən ayrılmağının təbii və labüd proses olma ehtimalını mərkəzləşdirirdi.

Aristotelin ictimai elmləri ayırmağı da təkcə düşüncə sahələrinin mütləqləşdirilməsi ilə əlaqədar olmayıb, həm də sistematik təlimlərin qədim dövrdə yararsız olmağı ilə əlaqədar idi. Sokrat sintez prosesini “axsaq” hesab edirdi. Çünki antik kültürü mənimsəyən insanın hadisələri hissələrə ayıraraq təhlil etmə meyarları yox idi. Həmin dövrdə kəşflər çox az idi, insanların praktiki fəaliyyətində istifadə edə biləcəyi alətlər və əşyalar qısıtlı idi. Harari başda olmaqla, bütün yeni dövr təkamülçülərinin irəli sürdüyü “təcrübənin maddi bazasının əsaslığı” iddiası nə qədər doğru olduğunu bir daha göstərir. Harari qeyd edir ki, az texnika həm də çox işdir, az vasitə həm də çox düşünməkdir. Eynilə anarxist Naom Çomskinin dediyi prosesdir, çox kəşf xeyirli olduğu qədər, təkəkkürün kütləşməsinə də rəvac verir. Belə qarmaqarışıqlıqlar fonunda görürük ki, həqiqətən hadisələr bizi yönəltməklə bizim bütün potensialımızı məhv edir. Məsələn, sıravi azərbaycanlı üçün bu misalı belə izah edə bilərəm ki, biz bütün günü iş, mobil qurğular, kompyuterlər, planşetlər və sair ilə həm təbiətdən uzaq düşürük, həm sağlamlığımızı itiririk, dünyanı bəsitcəsinə seyr edirik. Aristotel buna görə sistemli yanaşmanın uyğun olmadığını görüb ayrılıqda riyaziyyat, fəlsəfə, fizika, biologiya kimi elmlərin ilkin adlanma və nəzəri əsaslarını işləyib hazırladı. Ancaq haqlı bir sual da ortaya çıxa bilər, bəs onda nə gərək verdi ki, sinergetikanın kəşfindən sonra fikir axımları və düşüncə sistemlərinin analogiyası aparıldı? Bunun üzərində çox da baş ağrıtmağa ehtiyac olduğunu düşünmürəm açığı. Fuko sinergetikanı ziyanlı hesab edir, ekoloji təlatümlər, mənəvi deqradasiya, qlobal əxlaq zədələnməsi fonundakı dünyada birlik və tərəfləri vəhdətə gətirmək arayışlarını çox mənasız sayırdı. Buna görə sosial elmlər ayrı-ayrılıqda bu mərhələlərdən imtina edərək təklərə diqqət ayırmağa başladı. Psixoanalitikanın meydana çıxmağı ilə psixologiya, mədəniyytələrarası dialoq nəzəriyyələrinin formalaşmağı ilə politologiya və ən nəhayyət də postmodernist Fuko, Liotar, Bodriyar, Ekonun fikirləri sayəsində fəlsəfə vahidi, tək olanları öyrənməyə başladı.

Derrida bunları komplektləşdirərək fiziki fəlsəfə yerinə, fizika və fəlsəfə, media fəlsəfəsi yerinə, fəlsəfə və jurnalistika, dilçilik fəlsəfəsi yerinə, fəlsəfə və dil qavramlarından danışdı. İstənilən halda burda nə qədər həqiqət payı olsa da, Derridanın fikirləri ilə razılaşa bilmirəm. Dilçiliklə bağlı linqvistika və filologiya əsas elmlərdir, gündəlik mətbuat, TV, reklam platformaları, mass-kult ənənələri bizdən sadəcə dilin qrammatik mahiyyətini tələb edir. Biz görürük, əslində dilin qorunmağı üzərində məsuliyyətli olan bu sahələrin özündə gündəlik nə qədər "qayda-qanun" pozuntusu baş verir bu. Fəlsəfə və dilçilik yanaşması bu baxımdan həm şairdən, həm müxbirdən, həm də redaktordan dilin konkret öz çəkisi və yazılan bir materialın oxu halında tələffüzünün banal və savadsız görünməməyi üçün labüddür. Amma dil fəlsəfəsi sadəcə danışıq prosesi deyil, burda dil həm informativ vasitə, həm düşüncə istehsalçısı, həm ünsiyyət vasitəsi, həm də səslənən sözlər və cümlələrə görə məsuliyyət duyğusudur. Bir hadisə çox yaxşı yadımdadır. Təxminən ikinci kursda oxuyurduq. Bakı Dövlət Universitetində fəlsəfə ixtisasından təhsil alan tələbələrə porfessor Cəmil Əhmədli Ontologiya və İdrak Nəzəriyyəsi fənnindən dərs deyirdi. Bir gün həyətdə müəllimlə söhbət edəndə o dövrün mətbuatında ateizmdən filan qalaq-qalan yazılar yazanlar haqqında “filosof” ifadəsi işlətmişdim. Onda Cəmil müəllimin reaksiyası bu mövzunun nə qədər aktual olduğuna inandırdı mənə. Cəmil Əhmədli deyirdi ki, filosof mahiyyət etibarilə bütöv, təsdiqlənmiş, özündən sonra tərəfdar toplamağı bacaran, kütləsi olmasa belə, orijinal nəzəriyyəçiliyə dayanan anlayışdır. Onun ən böyük təəssüfü KİV-in indiki durumunda filosof anlayışını hara gəldi istifadə etməyə çalışmağında idi. O qeyd edirdi, bizdə heç kim dilin və danışığın fəlsəfəsini düşünmədiyi üçün bu problemlər ortaya çıxır. Kant, Nitsşe filosofdursa, hansısa təkrarçını, özünəxas bir dənə yanaşması olmayan fərdləri bu kontekstdə filosof adlandırmaq ədalətsizlikdir. Filosof kimi təqdimatı aparılan fərdlərin bir çoxu isə sadəcə fəlsəfəçidir, yəni fəlsəfəni araşdıran hansısa müəllim, ya da araşdırmaçı jurnalist. Dil fəlsəfəsi dilin varlıq tərəfi və dilin başqa sahələrlə əlaqəsini müəyyənləşdirən fəlsəfə sahəsidir. Filologiyadan tamam fərqlidir. Burada dilin mahiyyətindən daha çox dilin anlamları və dilin mənalandırılması problematikası əsas sayılır.

Antik fəlsəfədən bu yana dilçilər bu məsələyə maraq göstərirlər. Prataqor əşyaların və hadisələrin adlandırılmasında məntiqlilik meyarını müdafiə edir və tarixi inkişafla əlaqədar bu adlandırma meyarlarının dəyişə biləcəyini düşünürdü. Atomistlərdən Demokrit isə özündən əvvəlki yanaşmaları rədd edərək, obyektlərin tanımlanması üçün istifadə edilən anlayışların məntiqi deyil, tam təsadüf və həyat şərtləri nəticəsində formalaşmağına inanırdı. Əslində antik filosoflar problemi tamam başqa formada qoyurdu. Aristotel elmləri ayıranda dilin ideyalarla əlaqələrini incələyir. Paltonun dialoqlarına gələndə məsələyə baxış tamam fərqli olur. Platon dil fəlsəfəsinin ilkin istiqamət vericisi sayılır. O məsələni belə də qoyurdu: “dil və dünya münasibətləri nədir və hansı formadadır?” Dil fəlsəfəsinin birinci əsas tərəfini bu sualla Platon yaratdı. Daha sonra dünya dəyişdikcə, fəlsəfədə və ədəbiyyatda yeni çalarlar ortaya çıxdıqca dil fəlsəfəsnin ikinci əsas müzakirə mövzusu ortaya çıxır: “insanlar dildən necə istifadə edir?” Şərq fəlsəfəsində də bu məsələlər müzakirə olunur. Hindlilərin məçhur Çarvak-Lokayata fəlsəfi məktəbində dilin istifadə formaları üzərində silsilə dərslər keçirilir və tələbələrlə müzakirələr aparılırdı. Çarvaklar danışıq dili deyil, düşüncə dili formalaşdırmağa çalışır, bu da Avropa fəlsəsəfəsinin son əsrlərdə maraqlandığı sahədir. Məsələni aydınlaşdırmaq da önəmlidir. Dil fəlsəfəsi dil üzərində çalışmalar edən sahədir və burada konkret bir dildən, Azərbaycan dili, ya da Portuqal dilindən söhbət getmir. Dil fəlsəfəsi bütün dillərin ortaq problemini axtarır və adlandırmada olan yanlışlıqların aparıcı dillərdən digər dillərə tərcümə olunaraq ifadələri “yaraladığı” tezisini müdafiə edir. Dünya dilləri arasında dərin semantik və leksikoloji fərqlər mövcuddur və bunların dil fəlsəfəsinin tədqiqat sahəsinə heç bir aidiyyatı yoxdur. Dil fəlsəfəsiylə məşğul olan konkret fikir adamları olsa da, Qərbdə yeni dövrün fəlsəfəsində bir çox düşüncə adamının bu məsələlər üzərinə baxış və yazılarda örnəkləri mövcuddur.

17-ci əsrdə humanist filosof Con Lokk sözlər və insanların düşüncə paralellərini apararaq müqayisələr edir. O hesab edirdi ki, söz düşüncənin nəticəsidir, deməli dilin zənginlik səbəbi birbaşa düşüncənin bütöv və geniş olmağı ilə əlaqəlidir. Sonralar insan azadlıqları məsələsində fikir tarixində özünə məxsus yer qazanan Con Stüart Mil dilin beyinə mesaj göndərmə funksiyasını qəbul etdi. Bu dövrün filosofları antik fəlsəfədən fərqli olaraq dilin təfəkkürlə əlaqələrini sübut etməyə çalışır. 19-cu əsrdə semiotika və strukturalizm inkişaf etdikcə dili fəlsəfəsi daha çox müzakirəyə çıxarılır. 20-ci əsr isə dil fəlsəfəsinin intibah çağıdır. Dil fəlsəfəsi ağızdan çıxan sözlərin təhlilinə fikir vermir, həmçinin insanların dili məsələsindən ziyadə dil fəlsəfəsi canlı örnəklərinin hər birinin arasında bir ünsiyyət çizgisinin olduğuna inaır. Qarışqaların kompakt şəkildə qida rasionu ehtiyatı toplamasında dil fəlsəfəsi humanitar yükünü ataraq biologiya və təkamülçülük sahələrinə də töhfə verir. Dil fəlsəfəsindən bizə məlum olan bir çox teoremlər mövcuddur. Berkli və Yunq kimi düşüncə sahibləri dilin fikir teoremlərindən bəhs edir. Dilin birbaşa zehin fəaliyyəti ilə yaranmağına inanırdı. Referans teoriyaçıları dilin sadə formada əmələ gəlmə ideyasını inkar edir, hansısa düşüncənin ifadə anında bizim tərəfimizdən zənginləşdirilib yükləndiyinə inanırdı. Dil formalaşanda anlayışı referans edib onu bəzəmək xüsusiyyəti incələnir. Həqiqət teoristləri məntiqi pozitivistlərdir və onlar anlamın doğru, ya da yalan olmağını müəyyənləşdirmək üçün ona əlavə təsiri inkar edərək, anlayışın “xam halda”, dilə daxil edilmədən öncə incələnməsi gərəkdiyinə inanırdı. Mənim üçün ən maraqlı olan praqmatist teroriyaçılardır. Özəlliklə dilçi filosof olan Piers dilin istifadədən öncə onun tərkib hissələrinin nəticələrinin müzakirə olunmağını irəli sürürdü. Bunu konret belə izah etmək olar. Tutaq ki, bizim dilimizdəki “müvəffəqiyyət” sözü türkcə “başarı”, ingilis dilində “success”, rus dilində isə “успех” kimi tərcümə olunur. Amma bu sözün nə qədər sinonimi və eyni mənalı oxşarı olsa da heç şübhəsiz ki, sözün öz dəyərləndirmə gücü tamam başqadır. Məncə, bu sözü dünya dil ailəsinə dövriyəyə buraxmadan öncə dil fəlsəfəsi ilə məşğul olan filosofların müzakirəsinə ehtiyac vardı. İngilis dil fəlsəfəçisi Ferdinandda bir çox sözün çox yersiz olmağl ilə bağlı tutarlı dəlillər var, bununla yazını uzatmaq fikirim yoxdur, kim istəsə, araşdırıb maraqlana bilər. Dil fəlsəfəsindəki cəhdlərini saydığım filosoflardan əlavə sırf dilin fəlsəfi məğzini araşdıran aqnostik fəlsəfənin danılmaz nümayəndəsi Bertran Rassel, həm təbiətşünas, həm də dil fəlsəfəçisi olan Karnap və dil fəlsəfəsinin və ümumdünya fəlsəfə tarixinin əvəzolunmaz isimi Vintenşteyn barədə ayrıca bəhs etmək lazımdır.

İki nəfərin eyni anda qavraya biləcəyi heç nə yoxdur, deyən Rassel 98 illik ömür yaşadı və həyatının bütün yetkin dövrləri fəlsəfənin inkişafına verdiyi töhfələrlə yadda qaldı. Həyatının üç ilini riyaziyyata həsr edərək “Principia Matematica” əsərini yazdı. Bundan sonra bütün yaradıcılıq istiqamətini və ömürünü bilgi və dil fəlsəfəsinə həsr etdi. Rassel adlandırma mövzusunda yazılar yazdı ilk başlarda. Özəl və ümumi isimləri bir-birindən ayıraraq özəl isimlərin konkret bir şəxsi ifadə etdiyini söylədi. Lakin ümumi isimlər bütöv hadisə və proseslərin ehtiva etdiyi dil idi və burada Rassel məntiq və arqumentasiya nəzəriyyəsindən yararlanır. Rassel Tanrının varlığının məntiq və ağılla izah olunmazlığını müdafiə edərək Paskalın rasional təsdiq cəhdlərini tənqid edirdi. O hər şeyin varlıq səbəbini izahda, izahı məntiqdə, məntiqin platformasını isə dildə görürdü. Rasseldən başqa Karnap da bu tezisləri mdafiə edir. Bu gün nəinki dərsliklərdə, heç normal fəlsəfi yazılarda da təəssüf ki, Karnapın adından çox da bəhs olunmur.

Rudolf Karnap alman əsilli amerikan fikir adamıdır. Məntiqçi pozitivizmin nümayəndəsidir, həm də riyazziyatçı kimi öz dövrünün populyar siması olur və çevrəsindəki digər məntiqçi pozitivistlər kimi Vyana qrupunun üzvü olub. Məntiq və elmin dil ilə mümkünlüyünə inanırdı. Digər fikir adamlarından fərqli olaraq elmin tərəqqisini birbaşa dilin təkamülü ilə əlaqələndirir və özünə qədər olan baxışlardan buna görə fərqlənən fikirlər irəli sürür. Karnap dilin müstəqilliyini qəbul etmir, eyni zamnda bütün elm və məntiq formalarının da özgür var oluşunu inkar edirdi. Dili və elmi vahid dəyərləndirir, birinin inkişafı üçün digərinin lazım olmağı düşüncəsini paylaşırdı. Dil fəlsəfəsinin ən kult nümayəndəsi Lüdviq Vitgenşteyndir.

Avstriyalı filosof 26 aprel 1889-cu ildə anadan olub. Vitgenşeynin yaradıcılığı çox qəribədir. Onun bütün yazıları, araşdırmaları, ideyaları, fikirləri ölümündən sonra kitablara köçürülür və dünyanın müxtəlif dillərində çap olunur. Özü sağ olanda yalnız bir kitab dərc etdirir və bu kitabla da fəlsəfənin yolunu dəyişməyə qadir olur. 1921-ci ildə çıxan bu kitab "Tractatus Logico-Philosophicus" əsəridir. Vitgenşteynin özünə əminliyi yüksək səviyyədə idi, buna görə də o yayımlanan kitabı ilə fəlsəfənin bütün problemlərini həll etdiyini zənn edərək, elmi çalışmalarını dayandırır, bağbanlıq və bacısının evində memarlıqla məşğul olur. Vitgenşeyn kuliminasiyasına ölümündən sonra çıxan “Fəlsəfə sorğuları” kitabı ilə çatıb. O, Bertran Rasseldən təsirlənir, Şopenhauer və Qotlob Frecdən yazılar da tərcümə edir. Vitgenşteynin fəlsəfədən uzaqlaşdığı illərdə qələmə aldığı qeydlər də sonradan fəlsəfə dərsliklərinə salındı. Bütün Vyana çevrəsinə mənsub olan filosoflar kimi onda da fərdiyyətçi sosial baxışlar olub. “Hamının acısı və ağrısı onun özünü narahat etməlidir” fikiri və “başqasının dərinlikləri ilə oynamamaq lazımdır” fikirləri bir yanlı qarşılanmayaraq əleyhdarlarının qəzəbinə səbəb olmuşdu. Bütün çalışmalarına baxmayaraq, Vitgenşteyn dostlarından və ətraflarından uzaqlaşaraq yalnız, dərdlərini heç kimlə bölüşməməyi əsas göstərən bir həyat tərzi seçir və tənhalıqla birgə keçirdiyi sıxıntılardan vəfat edir. Onun yaradıcılığında müqayisələr hədsiz çoxdur. Dünya və dil münasibətlərini ətraf aləm və rəsm ilə müqayisə edir. Rəssamın gördüyü hadisəni olduğu kimi deyil, rəsm etmənin imkanları çərvəsində portretə köçürdüyünə inanan filosof, dilin də dünyanı tam olaraq təsvir edə bilmədiyi fikirinin ilk müdafiəçilərindəndir. 1930-cu illərdə yayımlanan “Etik leksiyalar” dərgisində dünyanın xoşbəxtliyi və insanın özünə aid olmağı ilə bağlı dəyərli yazılar yazır. O, insanın dünyadakı ən böyük mübarizəsinin sadəcə istəməklə bağlı olduğunu bildirir. Çünki heç kim istədiyini ifadə etmir. “Dil yarımçıq mübarizə və tamamlanmayan arzulardır” ifadəsi ilə fəlsəfəsinin mükəmməlliyini bizə göstərir. Təəssüf ki, Vitgenşteyn kimi dil, sözə, cümləyə, fəlsəfəyə həddən artıq təkrarsız yanaşan bir filosof digər bir çox mütəfəkkirlər kimi əzablarla həyatla vidalaşmışdır. Fəlsəfənin dillə bağlı araşdırmalarının nəticəsində bütün sözlərə və onların anlamlarına baxışlar tamamilə dəyişdi. Konkret qlobal adlandırmaların örnəkləri ilə bağlı gələcək yazılarda bəhs etməyə çalışacağam. Eko verdiyi müsahibələrindən birində “ədəbiyyatın dilinin təsir edici olmağı üçün onun fəlsəfi çəkisinin mütləqliyi”ndən bəhs edirdi. Həqiqətən də elədir. Baxın, ən təsirli əsərləri yazan, dünyada milyonlarla tirajı olan, kitablarının satışından qazandığı qazanclarla bütün həyatlarını rahat və komfort şəkildə keçirən yazarların bir çoxu dilin üzərində fikirləşən insanlardır. Və bəlkə də bizim yazıçıların bir çoxunun uğursuzluğunun səbəbi dili danışmaq üçün istifadə edib, düşünmək üçün istifadə etməməsindədir.

P.S. Vitgenşteyn yazırdı: “Düşünün ki, danışa biləsiz.”

Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı