NATO azı 2024-cü ilə qədər Əfqanıstan ordusunu maliyyələşdirməkdə davam edəcək.

Metbuat.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Əşrəf Qani Kabildə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirilən mətbuat konfransında deyib.

“NATO Əfqanıstan ordusunu azı 2024-cü ilədək maliyyələşdirəcəyini təsdiqləyib”, - deyə Əşrəf Qani bildirib və Əfqanıstanın təhlükəsizliyinin NATO ölkələrinin təhlükəsizliyi ilə bağlı olduğunu vurğulayıb.

“NATO-nun Əfqanıstana dəstəyi davam edəcək. Hazırda 39 ölkədən 16 min nəfər “Qətiyyətli dəstək” missiyası çərçivəsində ölkənin Silahlı Qüvvələrinə təlim keçir. Əsas diqqət isə xüsusi təyinatlı dəstələrə və aviasiyaya ayrılıb”, - deyə Yens Stoltenberq öz növbəsində qeyd edib. O, həmçinin alyansın dövlət və hökumət başçılarının iyul ayında Brüsseldə keçirilən sammitində “Qətiyyətli dəstək” missiyasının mandatının və Əfqanıstan ordusunun xarici maliyyələşməsinin 2020-ci ilədək və lazım gələrsə, daha çox artırılması barədə qərar qəbul olunduğunu xatırladıb.