Bakı, 27 aprel, AZƏRTAC
Mədəniyyət müəssisələri əməkdaşlarının peşə səriştələrin artırılması və qabaqcıl təcrübənin mənimsənilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi mədəniyyət siyasətinin qarşısında duran əsas hədəflərdəndir.
Nazirliyin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev AZƏRTAC-a bildirib ki, bu məqsədlə mütəmadi olaraq nazirlik tərəfindən müxtəlif xarakterli tədbirlər həyata keçirilir.
Belə ki, Qazax Milli İncəsənət Akademiyası ilə əməkdaşlıq əlaqələrinin yaradılması, habelə akademiya tərəfindən təşkil olunan mədəniyyət siyasəti üzrə beynəlxalq elmi ustad sinifləri çərçivəsində “Müasir çağırışlar və mədəniyyət siyasəti: Azərbaycan təcrübəsi” mövzusunda mühazirələrin aparılması məqsədilə nazirliyin elm, təhsil və gənclərlə iş şöbəsinin elm sektorunun müdiri Asif Usubəliyev Almatı şəhərinə ezam olunmuşdu.
Səfər çərçivəsində sertifikat xarakterli treninqlərin aparılması ilə yanaşı, A.Usubəliyev Qazax Milli İncəsənət Akademiyasının rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində sözügedən müəssisənin nazirliyin tərkibində fəaliyyət göstərən Respublika Mədəniyyət Müəssisələri Hazırlıq və İxtisasartırma Mərkəzi ilə əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə olunub. Əməkdaşlıq çərçivəsində birgə tədbirlərin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və xüsusi olaraq akademiyanın xarici tərəfdaşları olan Avropanın nüfuzlu ali məktəblərinin nümayəndələri tərəfindən müxtəlif mövzulara həsr olunmuş təlimlərin Azərbaycanda təşkili nəzərdə tutulur.
Yaşar Əliyev qeyd edib ki, Respublika Mədəniyyət Müəssisələri Hazırlıq və İxtisasartırma Mərkəzinin Minsk Dövlət İncəsənət və Mədəniyyət Universiteti ilə imzalanmış analoji müqaviləyə əsasən qarşılıqlı təcrübə səfərləri ilə yanaşı, bu günə qədər 30 nəfərdən artıq müxtəlif ixtisaslı mədəniyyət işçisi Minskdə təşkil olunmuş xüsusi sertifikat xarakterli kurslarda iştirak edib və müxtəlif diplomlara layiq görülüb.
Nazirliyin təşəbbüsü ilə genişlənən beynəlxalq elmi əməkdaşlıq şəbəkəsi sayəsində xarici ölkələrdə təşkil olunan kurslara əsas etibarılə respublikamızın regionlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları ezam olunur. Bu fakt nazirliyin, eyni zamanda, regionların da inkişafına yönəldilmiş diqqətinin göstəricisidir.