Ötən il işəgötürənlər tərəfindən 21 minə yaxın əmək qanunvericiliyi faktı pozulub

15:32 13 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 15:31 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) ötən il həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı işəgötürənlər tərəfindən 20 417 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,  aparılan təhlillər zamanı hüquq pozuntularının daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi, əməyin mühafizəsində, əmək haqqının hesablanması və ya ödənilməsində nöqsanlar, texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. ilə bağlı olduğu müəyyən olunub. Həmçinin,  belə halların əsasən özəl sektora aid müəssisələrdə, topdansatış və pərakəndə ticarət, ictimai iaşə, avtomobillərin təmiri, emal və tikinti sektorlarında baş verdiyi aydın olub. Qeyd olunan hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Digər pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyindən onların ləğvi üçün isə işəgötürənlərə icrası məcburi olan göstərişlər verilərək icrası nəzarətə götürülüb.

Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. Cərimələrin 44,6%-i, yəni 1 915 347 manatı dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur.

 

Qeyd edək ki, DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsində məqsəd əmək qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməsi, o cümlədən, işçi hüquqlarının  təminatı ilə əlaqədar işəgötürənlərdə məsuliyyətin artırılmasıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR