[ 27 Aprel 2015 15:39 ]



Bakı. Könül Kamilqızı – APA. 25 aprel - Ümumdünya Malyariya Günüdür.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə 25 aprel - Ümumdünya Malyariya Günü elan edilib.

Malyariya insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş verir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür.

Dünya Səhiyyə Təşkilatının (DST) hesablamalarına görə, hər il 250 milyon insan malyariyaya yoluxur. Problem 2009-cu ildə dünyada daha aktual olub və dünya əhalisinin yarısı, yəni 3,3 milyard insan malyariya təhlükəsi qarşısında qalıb.

Məlumatda bildirilir ki, Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Bu, əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı olub. Kür-Araz və Lənkəran düzənliklərində 1997-ci ildə baş vermiş daşqınlar vəziyyəti daha da pisləşdirib. 1997-ci ildən başlayaraq, genişmiqyaslı epidemiyaya nəzarət işləri nəticəsində ölkəmizdə malyariya ilə bağlı vəziyyət yaxşılaşmağa başlayıb.

“Azərbaycanda 2013-cü və 2014-cü illərdə, eləcə də 2015-ci ilin ötən dövrü ərzində yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmayıb. Yalnız 2013-cü ildə 4 nəfər, 2014-cü ildə isə 2 nəfər tropik malyariyaya tutulub ki, bu da ölkə üçün xarakterik deyil”- deyə məlumatda əlavə edilib.