Fransada prezidentin istefası

Fransada benzin qiymətlərinin artmasına qarşı çıxan etirazçılarla toqquşmada 7 polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb.

Metbuat.az “BMFTV”yə istinadən xəbər verir ki, etiraz aksiyası zamanı nümayişçilər polisə məxsus avtomobilləri aşırdaraq yandırıblar.

Bu gün paytaxt Parisdə davam etdirilən etirazların qarşısını almaq üçün hökumət 3000 polis qüvvəsi cəlb edib. Onların daha çox Yelisey sarayı və Eyfel qüləsi ətrafına cəmləşdirildiyi bildirilir. Hazırda “Makron, istefa!” və “Makron, oğru!” şüarları səsləndirən nümayişçilər prezidentin iqamətgahına doğru yaxınlaşırlar. Onlara müqavimət göstərən polis gözyaşardıcı qaz, su şırnağı və rezin güllələrdən istifadə edir. Aksiyalara görə paytaxt Parisdə nəqliyyatın hərəkəti dəyişdirilib, 7 metro stansiyası bağlanıb.

Aksiyaların konkret lideri olmadığından Fransa hökuməti danışıqlar aparmaqda və etirazı yatırmaqda çətinlik çəkir. Artıq aksiyalarda nəinki benzin qiymətlərinin artması, o cümlədən sosial-iqtisadi sahəni əhatə edən müxtəlif istəklər və istefa tələbi də irəli sürülməyə başlayıb ki, bu cür vəziyyətin Emmanuel Makronun prezidentliyini riskə atdığı, ultra-sağçıların mövqeyini isə gücləndirdiyi qeyd olunur. Xatırladaq ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində benzin qiymətlərinin qalxmasından şikayət edən sürücülərin irimiqyaslı etiraz aksiyaları keçirilir. Etirazçılar aksiyaya fransalı sürücülərin işığı əks etdirən xüsusi üst geyimi olan “sarı gödəkçələr” adını veriblər. Nümayişlər zamanı indiyədək 2 nəfər ölüb, onlarla xəsarət alan var. Ötən həftə ümumilikdə 290 minə yaxın Fransa vətəndaşı etirazlara qoşulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR