21 noyabr 2018-ci il tarixində Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Ohridski adına Sofiya Universiteti nəzdində fəaliyyət Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin birgə təşkilatçılığı ilə sözügedən Universitetdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının 5 illik yubileyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı foto-sərgi təşkil olunmuşdur.
Tədbirdə Sofiya Universitetinin prorektoru Mariya Stoyçeva, “Klassik və yeni filologiya” fakültəsinin dekanı Madlen Danova, “Türkologiya və altayşünaslıq” kafedrasının rəhbəri İrina Sarıivanova, Bolqarıstan Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spassov, Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, eləcə də bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin mədəniyyət mərkəzlərinin rəhbərləri, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV və QHT nümayəndələri iştirak etmişlər.
Gecədə həmçinin Bolqarıstan Respublikası mədəniyyət naziri Ameliya Qeşevanın tədbir iştirakçılarına müraciəti səsləndirilmişdir. Müraciətdə deyilir, “İnanıram ki, ölkələrimiz arasında səmərəli əməkdaşlıq və dost dialoq davam edəcəkdir, cari sərgi isə bizi mənəvi olaraq yaxınlaşdıran və zənginləşdirən mədəniyyətin nəcib elçilik missiyasının sübutudur. Müəllifə Bolqarıstanın mədəniyyət ictimaiyyətinə zəngin Azərbaycan mədəniyyətinə yaxınlaşmaq imkanı təqdim etdiyinə və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə ölkələrimiz arasında mədəni sahədə əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətinə görə minnətdaram”.
Tədbiri giriş sözləri ilə açan Mərkəzin direktoru S.Şiqayeva-Mitreska sərgidə nümayiş olunan fotoqraf barədə məlumat verərək bildirmişdir ki, sözügedən foto-şəkillər 2013-cü ildən Azərbaycanda yaşayan peşəkar bolqar fotoqraf və yazıçı Aureliya Nəsirova tərəfindən lentə alınmışdır. O, 2017-ci ildə AWARD 2017 Beynəlxalq müsabiqəsində Azərbaycanın ən yaxşı 20 fotoqrafı sırasında yer almışdır. Daha sonra S.Şiqayeva-Mitreska Mərkəzin fəaliyyətində əməyi keçən mərhum professorlar A.Fedotov və K.Qrozevi hörmətlə anmış və onlarla birgə həyata keçirilən layihələrdən söz açmışdır. Mərkəzin qısa tarixi barədə məlumat verən S.Şiqayeva-Mitreska Mərkəzin yaradılması haqqında razılaşmanın 2013-cü ildə Bakı Slavyan və Sofiya universitetlərinin o zamankı rektorları Kamal Abdulla və İvan İlçev tərəfindən imzalandığını, rəsmi açılışın 2013-cü il 25 sentyabr tarixində baş tutduğunu bildirmişdir. O, Mərkəzin açılışının Sofiya Universitetində əlamətdar hadisə - Universitetin 125 illik yubileyi ilə üst-üstə düşdüyünü əlavə etmişdir. Mərkəzdə 2013-cü ildən etibarən “Azərbaycan dili”, 2015-ci ildən etibarən “Azərbaycanda multikulturalizm” seçmə fənləri üzrə dərslərin tədris edildiyini qeyd etmişdir. Həmçinin Mərkəz tərəfindən həyata keçirilən müxtəlif layihələrə toxunan S.Şiqayeva-Mitreska Mərkəzin ilk tələbələri ilə birgə dahi Azərbaycan şairi və dramaturqu H.Cavidin “Maral” faciəsinin bolqar dilinə tərcüməsini xatırlamışdır.
Gecədə çıxış edən səfir N.Qurbanova 2018-ci ilin Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu, belə ki, cari ildə müsəlman və türk dünyasında ilk parlamentli respublikanın – Azərbaycan Demokratik Respublikasının yaranmasının 100, müsəlman və türk dünyasında ilk opera sayılan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının 110, Azərbaycan teatrının 145 və Azərbaycan kinematoqrafiyasının 120-ci ildönümlərinin qeyd edildiyini diqqətə çatdırmışdır. Bu yubileylər kontekstində Bakı Slavyan Universitetinin Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının 5-ci ildönümünü xüsusilə vurğulayan səfir Mərkəzin Azərbaycan dili və mədəniyyətinin Bolqarıstanda təbliği baxımından böyük xidmətlərindən söz açmışdır. O davam etmişdir ki, Mərkəz yarandığı ildən etibarən bu istiqamətdə ardıcıl fəaliyyət göstərərək Bolqarıstan cəmiyyətini ölkəmiz haqda məlumatlandırır, Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələrin inkişafına töhfə verir.
N.Qurbanova Bakı Slavyan Universitetində fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzinə toxunaraq artıq 14 ildir fəaliyyət göstərən Mərkəzin vəzifəsinin Azərbaycan və Bolqarıstan arasında mədəni sahədə əməkdaşlığı genişləndirmək, gənclərin hər iki ölkənin mədəniyyəti, təhsili, maarifi və elminə marağını artırmaq və universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə yardım etmək olduğunu, hal-hazırda sözügedən ali təhsil müəssisəsində 60-ya yaxın tələbənin bolqarşünaslıq ixtisası üzrə təhsil aldığını əlavə etmişdir.
Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri olan Azərbaycan dilinin tədrisi ilə bağlı danışarkən səfir hər bir xalqı başqalarından fərqləndirən mühüm və başlıca amillərdən birinin onun dili olduğunu, dilimizin gözəlliyi, dolğunluğu və mükəmməlliyi ilə seçildiyini, ana dilimizin daş kitabələrdən etibarən uzun, çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çatdığını söyləmişdir. Azərbaycan dilinin XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin banisi görkəmli Azərbaycan şairi və dövlət xadimi Şah İsmayıl Xətai tərəfindən dövlət dili elan edilməsinə diqqət çəkərək N.Qurbanova tarixdə unudulmaz iz qoymuş hökmdarın sözlərinə istinad edərək demişdir: “Ey türk oğulları! Babalarımızdan bizə üç şey yadigar qalmışdır: dilimiz, torpağımız, qeyrətimiz. Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilinin bir sözünü ləl-cəvahiratına dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın... Ana dilini dövlət dili elan etdim”.
Ədəbi dilimizin inkişafında görkəmli şair və yazıçıların əvəzolunmaz izlər buraxdığını əlavə edən səfir XII əsrin Azərbaycanın xanım şairi, şahmatçısı və musiqiçisi Məhsəti Gəncəvinin yaradıcılığının dövrün Azərbaycan ədəbiyyatı üçün yeni təkan olduğunu bildirmiş, onun öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu rübailəri və şeirlərinin Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynadığına, 2013-cü ildə UNESCO-nun qərarı ilə şairin 900 illik yubileyi dünya səviyyəsində qeyd olunduğu və iki il öncə Parisdə şairin büstünün açıldığını diqqətə çatdırmışdır.
O davam edərək bildirmişdir ki, əsasını xalq ruhu təşkil edən XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı və XV əsr Azərbaycanın ədəbiyyatının parlaq simalarından olan və növbəti il 650 illik yubileyini qeyd edəcəyimiz İmadəddin Nəsimi üslubu orta əsr Azərbaycan dilinin məna imkanlarını hərtərəfli təcəssüm etdirir.
Dilimizin zənginliyindən danışarkən görkəmli dilçi-alimlərimizi də xatırlayan N.Qurbanova Azərbaycanın görkəmli professoru Məmmədağa Şirəliyevin 1953-1954-cü illərdə Sofiya Universitetində “Türk filologiyası” kafedrasının rəhbəri olduğunu, onun Bolqarıstanın türk kəndlərini gəzərək zəngin material topladığını və həmin materiallar əsasında "Türk dialektologiyası" əsərini, eyni zamanda "Dilçiliyə giriş" dərsliyini qələmə aldığı barədə məlumat vermişdir. O davam etmişdir ki, bolqar alimi Emil Boyev 1966-cı ildə keçirilmiş XI Türk Dili Qurultayında məruzə ilə çıxış edərkən Bolqarıstanda türk dialektlərinin araşdırılmasının əsasının Azərbaycanlı professor Məmmədağa Şirəliyev tərəfindən qoyulduğunu vurğulamışdır. 1953-1955-ci illərdə isə digər görkəmli dilçimiz Hadi Mirzəzadə Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya Universitetində müasir türk dilindən mühazirələr oxumuşdur.
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin prorektoru M.Stoyçeva Universitetin tarixi və yaradılması barədə məlumat verərək cari ildə universitetin 130 illik yubileyinin qeyd edildiyini diqqətə çatdırmışdır. Bolqarıstanda ən qədim və ən böyük universitet olan Sofiya Universitetinin beynəlxalq əlaqələri barədə danışan prorektor Bakı Slavyan Universiteti ilə əlaqələrə və sıx əməkdaşlığa istinad etmiş və sözügedən Universitetin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə hər zaman dəstək göstərməyə hazır olduğunu bildirmişdir.
Klassik və yeni filologiya” fakültəsinin dekanı M.Danova yubiley münasibətilə Mərkəzi təbrik etmiş, onun ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafına töhfə verməsindən danışmış və gələcək fəaliyyətində Mərkəzə nailiyyətlər arzulamışdır.
Türkologiya və altayşünaslıq” kafedrasının rəhbəri İ.Sarıivanova çalışdığı universitetin şərq dillərinin tədrisində uzunmüddətli ənənəsinin olduğunu, Şərq dilləri və mədəniyyətləri Mərkəzinin ixtisaslarının isə bolqar şərqşünaslığının aparıcı amil olmasını təsdiq etdiyini vurğulamışdır. O, rəhbərlik etdiyi kafedranın türkoloji mərkəz rolunu oynadığını, 66 illik tarixi boyunca kafedranın tələbələrə türk, çuvaş, tatar, qazax və Azərbaycan dillərini tədris etdiyini bildirmişdir. Məhz bu ənənələrin ruhunda, eləcə də xalqlar arasında mədəni körpülərin yaradılması məqsədilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təsis edildiyini, artıq beş ildir ki, tələbələrin Azərbaycan dilinin tədrisi ilə yanaşı, zəngin Azərbaycan mədəniyyəti ilə tanış olmaq imkanı əldə etdiyini söyləmişdir.
Daha sonra Mərkəzin 2017-ci ildə ilk məzunu M.Şopov Mərkəzlə bağlı xatirələrini bölüşmüş, Azərbaycana olan səfərindən və Azərbaycan dili ilə tanışlığından bəhs etmişdir.
Tədbirin sonunda Mərkəzin fəaliyyətindən bəhs edən film nümayiş olunmuş, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan dilini öyrənən tələbələrinin ifasında görkəmli şair Səməd Vurğunun “Azərbaycan” şeirindən Azərbaycan və bolqar dillərində hissələr səsləndirilmişdir. Azərbaycan diasporasından uşaqlar Rəşid Behbudovun “Bakı” mahnısını ifa etmişlər. Sözügedən ifalar qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. Həmçinin qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunmuşdur.
Tədbir Bolqarıstan mətbuatında işıqlandırılmışdır.