Bakıda toy karvanlarına nəzarət güclənir (VİDEO)

Bakıda toy karvanlarına nəzarət güclənir (VİDEO)
17:16 13 Yanvar 2015
186 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən yol polisi toy karvanları ilə əlaqədar nəzarəti gücləndirəcək. ANS TV-nin məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, saat 18:00-dan sonra bəy-gəlin cütlüklərini müşayiət edən toy karvanlarının hərəkəti zamanı yolun hərəkət zolaqlarının bütünlüklə tutulur. İşıqforun qırmızı işığında dayanmadan hərəkət edilir, yol ayrıclarını keçmə qaydaları pozulur. Yol boyu fasiləsiz səs siqnallarından istifadə edilir ki, bu isə digər insanlar üçün problem yaradır.

Bununla əlaqədar yol polisi əməkdaşları tərəfindən toy karvanının necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, yollardakı vəziyyət nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, eləcə də avtomobillərini şadlıq evlərinin qarşısında qanunsuz saxlayanların nəzərinə çatdıraraq tövsiyə edir ki, hərəkət zamanı “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edilsin və yol hərəkətinin digər iştirakçılarına süni maneələr yaradılmasın. Əks halda, toy karvanlarında hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq kimliyindən asılı olmayaraq qanunu pozan şəxs barəsində dərhal müvafiq cəza tədbirləri görüləcək.

Qeyd edək ki, son 1 ildə toy karvanlarının iştirakı ilə baş verən qəzalarda 4 nəfər dünyasını dəyişib. Keçən il ərzində toy karvanlarının iştirakı ilə 6 yol nəqliyyat hadisəsi baş verib.

Odur ki, həyatda bir dəfədir deyib, həyatınızı təhlükə altına atmayın. Yoxsa gedəcəyiniz yer son mənzil ola bilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR