Ermənistan fəlakətlə üz-üzə və Paşinyanın yeni oyunu - MÜSAHİBƏ

Ermənistan fəlakətlə üz-üzə və Paşinyanın yeni oyunu - MÜSAHİBƏ
08:48 11 Dekabr 2018
74 Digər
Ölkə mətbuatı
A- A+

Politoloq İlqar Vəlizadə dekabrın 9-da Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərini geniş şəkildə şərh edib.

Publika.az-ın suallarını cavablandıran siyasi ekspert Nikol Paşinyanın quracağı parlament, bu parlamentin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi və bir çox məsələlərə aydınlıq gətirib.

- Parlament seçkilərinin ilkin nəticələri ilə bağlı fikirləriniz necədir?

- Seçkilərin “fəallığı” onu göstərdi ki, insanlar Ermənistanın siyasi həyatına maraqlı deyillər. Əgər aprel-may aylarında Ermənistanda fəallıq nəzərə çarpırdısa, indi bu hal tamamilə zəifləyib. Çünki insanlar ümid edirdi ki, yeni hakimiyyət böyük dəyişikliklər edəcək və bu, onların güzəranına müsbət təsir göstərəcək. Yarım ildən sonra isə erməni xalqı başa düşdü ki, bu vədlərin hamısı yalnız söz şəklindədir, arxasında real iş yoxdur. Səsvermədə Nikol Paşinyanın blokunun üstünlük əldə etməsi gözlənilən idi. Digər partiyaların elektoratı başa düşürdü ki, Paşinyanın tərəfdarları aktivdirlər və qələbə çalacaqlar. Sasna Çrer Partiyası, baxmayaraq ki, müxtəlif proqnozlar onlara parlamentdə yer verirdi, məğlubiyyətə uğradı. Çünki bu partiya müharibədən, revanşdan danışırdı. Bu da onu göstərir ki, Ermənistan cəmiyyəti yeni müharibə istəmir. İnsanlar müharibə ritorikasından bezib. Heç kim düşünmək istəmir ki, gələcəkdə öz uşaqlarını müharibəyə yollasın və məlum nəticələr əldə etsin. Xüsusilə, aprel hadisələrindən sonra hamı başa düşür ki, yeni müharibə olsa, kifayət qədər çox insan tələfatı olacaq. Ermənistanın isə əhalisi, onsuz da, azdır, ordusu zəifdir. Bütün hallarda, zərərçəkən adi vətəndaşlar olacaq. Ona görə də partiyaların yeni müharibə çağırışlarına qulaq asmadılar. Nəticə etibarilə, Respublika Partiyası fiaskoya uğradı. Parlamentə ümumiyyətlə, keçə bilmədi. Bu da onu göstərir ki, partiyanın sosial bazası yoxdur. Dolayısı ilə Qarabağ klanının sosial bazası yoxdur. Qarabağ klanı 20 il ərzində hakimiyyətdə olanda yalnız pula və gücə arxalanırdı. Hakimiyyətdən gedəndən sonra isə insanları səfərbər edə bilmədilər.

- Nikol Paşinyanın parlamentdə üstünlük əldə etməsi Ermənistan üçün nə vəd edir?

- Paşinyan populist adamdır. Hələ siyasətdə çox şey öyrənməlidir. Ermənistana isə hazırda səriştəli, reallığı dərk edən adam lazımdır. Məhsuldar həll yolları göstərə bilən başçı gərəkdir. Yaxud da, hazır iqtisadi proqramla çıxış edən şəxs lazımdır ki, bu da Paşinyanda yoxdur. O, yalnız pafoslu sözlərlə özünü göstərir. Ermənsitana hazırda anti-böhran paketi lazımdır. Paşinyanın komandasında isə heç fərli-başlı iqtisadçı belə yoxdur. Yalnız siyasətçilər, QHT sektorunun nümayəndələridir, müxtəlif təbəqələri təmsil edən adamlardır. Bu insanlar sosial-iqtisadi problemləri həll etmək iqtidarında deyillər. Ona görə də gözlənilir ki, Ermənistanda mövcud iqtisadi böhran davam edəcək. Ermənistanın zəngin insanları, sərmayəçiləri ölkəyə heç bir yatırım etməyəcəklər. Yəni gələcəkdə Ermənistanı sosial-iqtisadi baxımdan heç də yaxşı şeylər gözləmir.

- Qarabağ klanı erməni xalqını parlament seçkilərinə reaksiya olaraq İrəvan küçələrinə axışmağa çağırıb. Gözlənilir ki, 11 dekabrdan etiraz aksiyaları başlaya bilər. Parlament qurulandan sonra Qarabağ klanı və Dağlıq Qarabağın taleyi necə olacaq?

- Təəssüf ki, yaxşı nəticələr gözlənilmir. Hazırkı hakimiyyətlə Qarabağ klanının qarşıdurması Dağlıq Qarabağ problemi müstəvisində gedir. Tərəflər arasındakı münasibət getdikcə korlanacaq. Bu fakt danışıqlar prosesinə mənfi təsir göstərir. Paşinyan və onun komandası nümayiş etdirdi ki, Qarabağ klanının Qarabağdakı nüfuzu aşağı düşüb. Paşinyan Qarabağda nüfuzunu qaldırmaq üçün deyir ki, danışıqlar prosesində Qarabağdan nümayəndələr iştirak etməlidir.

O ki qaldı, Qarabağ klanının cəhdlərinə. Son aylar ərzində o qədər səhvlər buraxıblar ki, indiki cəhdlər də heç bir nəticə verməyəcək. Cəmiyyət bu klandan, onun liderlərindən bezib. Əgər klan Sərkisyan və onun ətrafındakıları çıxarıb yenilərini gətirsəydi, bəlkə də bir az nüfuzlarını geri qaytara bilərdilər.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/262647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR