Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər

Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
02:32 19 Dekabr 2018
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Teatrlar Yeni il üçün rəngarəng bayram tamaşaları hazırlayıblar 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Yeni ilə iki həftədən də bir qədər az vaxt qalıb. Bayram, demək olar ki, qapımızın kandarındadır. Artıq Bakının küçələrində bayram ab-havası yaşanır. Bayramın gəlişinə isə daha çox uşaqlar sevinir. Şam ağacı, Şaxta baba, Qar qız, tətil günləri və bir də yeni il tamaşaları, əyləncəli bayram tətili onları gözləyir. Bəzən uşaqlarla bərabər, valideynlər, gənclər də bu bayrama xüsusi hazırlaşırlar. Bayram ab-havası duyulan kimi,  valideynləri bir sual maraqlandırır: Bayram günlərində uşaqları hara aparaq? Artıq ənənə halını almış bu yazının da missiyası bəllidir: Valideynləri bayram proqramı ilə məlumatlandırmaq. Teatrlardan, mədəniyyət ocaqlarından yeni ildə uşaqların görüşünə necə hazırlaşdıqlarını və onlara nələr təqdim edəcəklərini soruşduq. 
 
Heydər Əliyev Sarayında sehrli nağıl dünyasına səyahət olacaq
 
İlk olaraq Heydər Əliyev Sarayının sözçüsü Anar Fərəczadə ilə danışdıq. Müsahibimiz bildirdi ki, yanvarın 2 və 3-də Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçiriləcək: "Burada uşaqlara nağıl qəhrəmanları dovşan, qarğa, canavar, pirat, ifrit və küpəgirən qarının iştirakı ilə böyük şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunacaq. "Şaxta baba və Küpəgirən qarı" adlanan tamaşa zamanı Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcəklər. Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatacaq. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirəcək və gözəl əhval bəxş edəcək. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər".

Saat 12:00 və 15:00-da başlayacaq nağıl-tamaşa üçün biletlərin qiyməti 6-25 manat təşkil edir.

Ana teatrda uşaq bayramı

Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirəcək. Teatrdan aldığımız məlumata görə, bayram tamaşaları dekabrın 27-dən yanvarın 6-na qədər davam edəcək. Proqrama əsasən, tamaşa gündə 4 seans - saat 11:00, 13:00, 15:00 və 17:00-da uşaqlara təqdim olunacaq.  Uşaqlara nümayiş olunacaq "Nindza tısbağalar və kapitan Cekin macəraları" tamaşasının məşqləri yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rejissoru Anar Sadıqovdur.  Səhnə əsərinin rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır. 

Teatrın mətbuat katibi Cavid Zeynallı qeyd etdi ki, Akademik Mili Dram Teatrının azyaşlı tamaşaçıları bayram şənliyində iştirak edib tamaşaya baxandan sonra onlara hədiyyələr də təqdim olunacaq: "İnanırıq ki, teatrımızın kollektivinin böyük sevgi ilə hazırladığı şənlik uşaqların, eləcə də valideynlərin yaddaşından uzun müddət silinməyəcək və onlar növbəti bayramlarını da məhz bizimlə birlikdə qeyd edəcəklər".

Musiqili Teatrda "Cırtdanın sərgüzəştləri" olacaq

Azərbaycan Dövlət Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bildirdi ki, repertuarda hər zaman uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr bayram günlərində balaca teatr həvəskarlarının görüşünə Azərbaycan xalq nağılı "Cırtdan"ın motivləri əsasında hazırlanmış "Cırtdanın sərgüzəştləri" musiqili nağıl tamaşası ilə gələcək: "Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqiləri və oyunları ilə zövq oxşayan bayram əhval-ruhiyyəli tamaşada, hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz "Cırtdan"dan fərqli məcrada cərəyan edir. Burada da Cırtdan öz dostlarını ətrafına toplayıb meşəyə odun yığmağa gedir. Tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.  Səhnə əsərində Əməkdar artist Novruz Əliyev, Məhərrəm Qurbanov, aktyorlar Gülnarə Əzizova, Gültac Əlili, Əmrah Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Murad Əliyev və Əli Kərimovun ifasında uşaqlar biri-birindən maraqlı qəhrəmanlarla tanış olacaq və onlarla birgə möcüzələr aləminə səyahət edəcəklər. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Tamilla Aslanovadır".

Fəridə xanım Yeni ilin ilk günlərini övladları ilə xoş ovqatda və yaddaqalan keçirmək istəyən valideynlərə səsləndi: "Əziz valideynlər, sizi 2018-ci ilin dekabrın 28-dən başlayaraq, 2019-cu il yanvarın 6-na qədər davam edəcək bayram şənliklərinə dəvət edirik".

Öyrəndik ki, bir biletin qiyməti 8 manatdır. Bu biletə hədiyyə də daxildir. Tamaşa gün ərzində 4 seans nümayiş olunacaq.  

"Kuklaçılar"ın  sürprizi var

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirdi ki, teatr ənənəvi proqrama uyğun  olaraq, bu il də azyaşlıları maraqlı tamaşa ilə  sevindirəcək: "Bu dəfə də  Kukla Teatrında çox maraqlı tamaşa hazırlanıb. Bu tamaşanı sorğumuzda iştirak edən yüzlərlə uşağın istəyi ilə ərsəyə gətirmişik. Yeni il ərəfəsində uşaqlara nümayiş etdirəcəyimiz tamaşanın adı "Maşa və Ayının qış nağılı" adlanır. Tamaşaya Anar Məmmədov quruluş verib.  Tamaşanın quruluşçu rəssamı İqabl Əliyevdir. Səhnədə Şaxta baba, Qar qızı da olacaq. Tamaşa dekabrın 26-dan başlayaraq,  hər gün  4 seans olmaqla, yanvarın 16-na qədər təqdim olunacaq. Tamaşada mahnılar, rəqslər yüksək səviyyədə hazırlanıb".
 Biletlərin qiyməti 3 manatdır. Biletlər ayın 20-dən sonra satışa çıxarılacaq.  
 
Bakı Uşaq Teatrında "Şaxta babanın toyu" olacaq 

Bakı Uşaq Teatrının sözçüsü Leyla Həşimova bildirdi ki, Azərbaycanı qarış-qarış gəzən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı bu dəfə  Gədəbəydə tamaşa göstərəcək: "Bayram günlərində uşaqlara təqdim edəcəyimiz "Şaxta babanın toyu" tamaşasının quruluşçu rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır. Tamaşanın rejissor köməkçisi İlhamə Əhmədova, rəssamı Sevda Məmmədovadır. Musiqi tərtibatı Rauf Hüseynliyə, rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur".

Bayram tamaşası üçün nəzərdə tutulmuş  biletlərin qiyməti 5 manatdır. 
 
Bakı Dövlət Sirkinin yeni il şousu
 
Bakı Dövlət Sirki Yeni il şənliyi üçün Rusiya və Belarus artistlərindən ibarət komandanı ölkəmizə dəvət edib. Bu barədə sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov  məlumat verdi: "Tamaşalar dekabrın 28-dən yanvarın 13-dək nümayiş olunacaq. Yeni ilə həsr olunmuş proqramda əhliləşdirilmiş heyvanlar, cigitlər qrupu, hava gimnastları, akrobatlar, perş, qeyri-adi lazer və işıq effektləri və s. olacaq. Şən klounlar, Şaxta baba və Qar qız bir-birindən maraqlı, rəngarəng şoularla izləyicilərə xoş anlar yaşadacaq". 

Biletlərin qiymətləri sıraya görə - 10, 12, 15 və 20 manat arasında dəyişir.
 
Bulvar da bayrama hazırdır
 
Dənizkənarı Bulvar İdarəsi Yeni il bayramı ilə əlaqədar hazırlıqları davam etdirir. Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, parkın ərazisi boyunca ağaclar çıl-çıraqlarla bəzədilib: "Kukla Teatrının arxasında, bulvar ərazisində olan meydanda yolka qurulub. Kukla Teatrının yanında, yeraltı keçidin önündən bulvar ərazisi istiqamətində çıl-çıraqlarla bəzədilən, uzunluğu 35, eni 4,3 və hündürlüyü 5 m olan tunel quraşdırılıb. Tunelin qurtaracağında, təxminən 30 m məsafədə diametri 5 m olan, işıqlarla bəzədilən şar quraşdırılıb (içərisində şəkil çəkdirmək üçün). Şarın yaxınlığında Yeni ilin rəmzi olan maral qoşulmuş xizək, işıqlarla bəzədilmiş retro maşınlar qoyulacaq. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və qonaqlara maraqlı proqramlar təqdim edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR