Müğənni Xumar Qədimova Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçirib. Lent.az-ın məlumatına görə, ifaçı tədbirdə “Əl-ələ tut gedək” kompozisiyasının təqdimatını edib. Tədbiri giriş sözü ilə ilk olaraq şair, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açıb: ““Əl-ələ tut gedək” kompozisiyasının sözləri Sona xanım Vəliyevaya, musiqisi Xumar xanım Qədimovaya məxsusdur. Sona xanımı çoxumuz ictimai və mədəni proseslərlə, maarifçilik tədbirlərilə əlaqədar tanıyırıq. Ancaq ədəbi mühit üçün Sona Vəliyeva ilk növbədə çox gözəl şairdir. Onun “Çəhrayı rəngli dünyam”, “Arazbarı” kimi şeirlər kitabı işıq üzü görüb və rəğbətlə qarşılanıb. Hətta “Ulduz” jurnalının 4-cü aprel sayında “Arazbarı” hədiyyə kimi oxuculara təqdim olunub. Bu, Sona xanımla Xumar xanımın ilk işbirliyi deyil. Xumar Qədimova 2012-ci ildə Sona Vəliyevanın “Şükür ki, ölməmişəm” şeirinə bəstələdiyi mahnını səsləndirib. “Əl-ələ tut gedək” kompozisiyasını orkestrdə Əvəz Muradov müşayiət edir. İnstrumental ifa Hikmət Aslanova məxsusdur. Burada Xalq artistləri Alim Qasımovla Nurəddin Mehdixanlının, sənətçi Novruz Savalanın da ifası yer alıb. Klipdə dərviş obrazı var. Fərqli bir kompozisiya kimi ortaya çıxan bu əsərin maraq doğuracağına və seviləcəyinə inanıram”.
Daha sonra X.Qədimova yaradıcılığındakı yenilikdən danışıb: “Sona Vəliyeva daha bir möhtəşəm layihə hazırlayacağını deyib: “Çıxışıma Sona xanımın sözləri ilə başlamaq istəyirəm: “Şükür ki, ölməmişəm. Elə belə, bu dünyadan getmişəm”. Bunu əbəs yerə demirəm. Bu iş başa çatanadək, mən onun özümdən asılı olan tərəflərini ərsəyə gətirənədək, şükür ki, ölmədim. Ona tam varlığımı, ürəyimi qoydum, torpağıma, vətənimə olan sevgimlə, ailəmdən aldığım tərbiyəylə, Sona xanımın qələminə olan sevgiylə yaratdım, canımı qoydum bu işə. Şükür Allaha ki, mən ölmədim, gözəl bir iş ortaya çıxardıq. Bu, təkcə Sona xanımla Xumarın işi deyil. Bu gün hamımızın günüdür. Rəşad bəyə çıxışı və yanımızda olduğu üçün təşəkkür edirəm.
Sonda “Əl-ələ tut gedək” kompozisiyanın nümayişi olub.