Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi "Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Savat İdman növü (Fransız boksu) üzrə açıq Respublika birinciliyi və çempionatı keçirilib.
Metbuat.az xəbər verir ki, tədbirdə qonaq qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri və müxtəlif federasiyaların rəhbərləri iştirak ediblər.
Açılış mərasimində əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardından çıxış edən MOK vitse-prezidenti Xəzər İsayev, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov 20 yanvar hadisələrinin müstəqilliyə gedən yolda xalqımızın şərəf və ləyaqət salnaməsi olduğunu vurğulayıb. Canını qurban verən insanların daima xatırlanacağını bildirib və bu cür yarışlarına idman ictimaiyyətinin hər dəfə onlara öz ehtiramlarını sərgilədiklərini qeyd edib.
Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyev isə öz növbəsində ölkə başçısı İlham Əliyevə idmançılara göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Federasiya prezidenti savat - fransız boksu idman növünün 2024-cü ildə Parisdə keçiriləcək olimpiya oyunlarında təmsil olunmaq yolunda sürətlə irəlilədiyini qeyd edib və bu yarışa qatılan yeniyetmə və gənclər arasında da olimpiya oyunlarında iştirak edənlərin olacağına əminlik ifadə edib. Rafiq Əliyev artıq federasiyanın ilk uğurunu qazandığını da diqqətə çatdırıb. Belə ki, Bakı 2021-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək.
Açılış mərasiminin sonunda Xəzər İsayev Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının ilk fəxri üzvü elan edilib və fəxri fərmanla təltif olunub. Ümumilikdə, yarışa 16 komandadan 140 idmançı qatılıb. Turnirdə Bakı, Abşeron, Astara və Tovuz savatçıları qüvvəsini sınayıb.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla