Braziliyanın Minas-Jerays ştatında metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bənd uçub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 50 nəfər ölüb, həlak olanlardan 7-nin cəsədi tapılıb. 200 nəfərin itkin düşdüyü bildirilir.

“Vale” dağ-mədən şirkətinə aid olan bənd uçarkən şirkətin əməkdaşları orada olublar. Onlar barədə də hələlik heç bir məlumat yoxdur.

Braziliya prezidenti Jair Bolsonaru “Twitter” səhifəsində baş verənlərdən təəssüfləndiyini yazıb. Onun sözlərinə görə, dağ-mədən və energetika, regional inkişaf və ətraf mühit nazirləri hadisə yerinə gediblər. Müxtəlif strukturların fəaliyyətini əlaqələndirmək üçün qərargah yaradılıb.