"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə mərhum Müşfiq Abbasovun atası, hüquqi varisi vəsatət qaldırıb.
O, məhkəməyə sədrlik edən hakimə etiraz etdiyini deyib. Səbəb olaraq isə göstərib ki, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatəti təmin edilməyib.
Daha sonra Ş.Qasımov vəsatətə münasibət bildirərkən bir daha qətli törətdiyini etiraf edib. O, heç kimə etiraz etmədiyini və qətli özü törətdiyini qeyd edib.
Hakim bildirib ki, iş üzrə əsas şahidlər dindirildikdən sonra əlavə şahidlər ifadə verə bilər.
Vəsatət təmin edilməyib.
Mərhumun hüquqi varisi daha bir vəsatətlə çıxış edib. O, cinayət işinin həm ibtidai istintaqa qaytarılmasını, həm Ş.Qasımovun həyat yoldaşı və qızı barəsində ayrıca cinayət işinin açılması, həm də işdə adı keçən Xaliq adlı şahid tapılana qədər məhkəmə istintaqının dayandırılmasını istəyib.
Dövlət ittihamçısı işin halları ilə təkrar və ətraflı tanış olmaq üçün məhkəmədən vaxt tələb edib.
Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşviq Abbasovu bıçaqlayıb. Bir müddət sonra yaralı dünyasını dəyişib.
Məhkəmədə ifadə verən Ş.Qasımov bildirib ki, bacanağını namus üstündə öldürüb.