Əsl "müxalifət davası": əvvəl 350 manatlıq tribuna, indi də "Sən kimsən, ə, çaqqal?!" - VİDEO

Əsl "müxalifət davası": əvvəl 350 manatlıq tribuna,  indi də "Sən kimsən, ə, çaqqal?!" - VİDEO
14:05 14 Fevral 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

17 fevral 2019-cu il saat 15:00. Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda mitinq olmaylıdı və bu mitinqi Qarabağ Komitəsi keçirmək istəyirdi.

Komitə "Hər kəs Qarabağ, hər yerdə Qarabağ" mitinqini keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət də ünvanlamışdı.

Komitənin İdarə Heyətinin üzvü, Ağ Partiyanın sədri Tural Abbaslı sonradan təəssüflə bəyan etdi ki, bəs Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verməyib.

O, hətta "müvafiq addımlar atılacağını" da demişdi.

Əfsuslar olsun ki, həmin "addımlar" ənənəvi müxalifətimizin ənənəyə dönmüş əməllərinə çevrildi.

Proses 25 ildən bəri dəyişməyən ssenari üzrə oldu.

Qarabağ Komitəsi iclas yapdı, o iclasda uzun-uzadı müzakirələr aparıldı, keçmişdən gələcəyə körpülər salındı, hərə bir söz dedi, mübahisələr düşdü, kimlərsə kimlərinsə hakimiyyətə işlədiyini dedi və maskaların yırtılacağı ilə ifşaların olacağını vəd etdi, şübhəli baxışlar seansı yaşandı, sonu da həmişəki kimi - dava ilə bitdi.

Yəni "siyasi mübarizə strukturu" kimi ortaya gələn, amma tanış üzlərin tanış səslərlə tanış şüarlar söyləyib hakimiyyəti hədələdikləri nitq iradları elə tanış stildə əlbayaxa ilə sonuclandı.

"Sən kimsən ə, Əbülfəz bəyin adını çəkirsən, ə, çaqqal?! Çaqqal!" qışqıran Pənah Hüseyni süpürləşdiyi digər "mətin müxalifətçi"dən zorla aralayıblar.

Aralayan da qaçaraq özünü dava yerinə çatdıran Tural Abbaslı, yəni Ağ Partiyanın sədri olub.

Gənc siyasətçi ölkənin ənənəvi, yəni 25 ilin "əzabkeşliyi"ndə qocalıb heydən düşmüş "lider"lərin belə məhrəmanə münasibətlərinə yad olmasa da, çox yəqin, siyasi baxışların fərqliliyi ucbatından kiminsə çaqqal müəyyənləşdirici, kiminsə də çaqqal təyinini eşidən kəs olacağını düşünmürdü.

İstefalar sıralandı

Qarabağ Komitəsinin son iclasında ciddi gərginliklər yaşanıb. Qurumun təsisçilərindən olan sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidov komitədən istefa verib. Onunla bərabər Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da QK-nı tərk edib.

İ.Həmidov təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsi tipli komitənin yaradılmasını daha məqsədəuyğun sayıb. Onun çıxışı birmənalı qarşılanmayıb. İstefasını açıqlayan sabiq nazir belə bir qurumu hərəkat daxilində yaradacaqlarını açıqlayaraq, iclası tərk edib.

GAP sədri A.Şakiroğlu çıxışında fevralın 16-da keçirmək istədikləri "Qarabağa azadlıq" mitinqinə icazə verilmədiyi üçün icazəsiz aksiya keçirməyi təklif edib. Onun təklifi keçməyib və bu səbəbdən GAP komitəni tərk edib.

Yəni eynən 1990-cı illərdə müaxilifət təşkilatlarının qarşılıqlı ittihamları, intriqalar, davalar, suçlamalar...

Üstəlik, Qarabağ Komitəsinin iclasının harada keçirilməsi belə, mübahisə mövzusu olub.

Belə ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı iclasların yalnız onun ofisində, yəni QAT-ın qərargahında keçirilməsini istəyir.

Onun opponentləri isə darısqallığı səbəb gətirərək iclasların Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) qərargahında olmasını təklif ediblər.

İlk baxışdan adi, hətta primitiv dartışmadır.

Əslində isə məsələ dərindir.

Çünki KAXCP indi sabiq DİN başçısı İsgəndər Həmidovun təsisatını bəyan etdiyi "Azərbaycan Xalq Hərəkatı" adlı paradoksal quruma qatılıb. Həmidov dəfələrlə deyib ki, AXH tərkibində Qarabağ Komitəsi yaradılıb, "Qarabağ uğrunda mübarizə məhz bu komitə vasitəsilə olmalıdır".

Yəni Qarabağ Komitəsinin iclaslarının QAT-da yox, KAXCP-də keçirilməsi, əslində, bu strukturun AXH-in kurasiyasına keçməsi kimi qəbul olunacaq.

Dava da elə bu davadı.

645 manatlıq mitinqin 350 manatlıq tribuna davası

Ötən ilin sentyabrın 30-da Qarabağ Komitəsi "Məhsul" stadionunda mitinq keçirmişdi.

Mitinqdən bir gün əvvəl artıq tirbuna üstündə dava-dalaş başlamışdı. Birlikdə "Qarabağa azadlıq" mitinqi ilə yurda dönüş aksiyasına çağırışı edən QAT sədri Akif Nağı ilə Camal Əhmədov aksiyaöncəsi sosial şəbəkədə bir-birini ittiham etdilər, çox sərt ifadələrlə suçladılar.

Səbəb tribunada kimin duracağı və çıxış edəcəyi idi.

"Qarabağa azadlıq" adlı mitinq təşkilatçılara 645 manata başa gəldi. Dartışmalara səbəb tribunanın hazırlanması isə 350 manat xərc apardı.

"Məhsul" mitinqlər məkanına çevriləndən bəri orada tribuna vardı və indi də var. Di gəl, həmin tribuna Müsavat Partiyasının sifarişi və xərci ilə hazırlandığından musavatçılar "Tribuna bizimdir!" deyirlər. Onlar tribunanı mitinqlər zamanı həmin aksiyanı təşkil edənlərə ya havayı təqdim edir, ya da inad edərək başqa tribuna quraşdırılmasını istəyirlər.

Qarabağ Komitəsinin mitinqindən əvvəl müsavatçılar tribunanı verməyiblər və bu səbəbdən də tribuna sifariş verilib, taxtadan yığılıb.

645 manatla mitinq keçirən, 350 manata tribuna yığdıran və bu səbəbdən də aralarında dartışan adamların Qarabağ probleminin həllini dərhal, təxirəsalınmaz şəkildə tələb etməsi absurddur, gülüncdür.

1990-cı illərin siyasi ab-havasının virusundan hələ də qurtula bilməyənlərin nəzərinə çatdırmaq istərdim: Qarabağ üçün mitinqlər keçirmək, dava salmaq, söymək və söyülmək yox, mübarizə aparmaq, zərurət yaranarsa, müharibəyə yollanmaq gərəkdir.

Bundan başqa, yarısı cəmiyyətin unutduğu, yarısı isə cəmiyyətin tanımadığı adamlardan ibarət olan bu "hərəkat"lar, "təşkilat"lar fəaliyyət göstərmələri ilə bağlı özlərini aldada bilərlər.

Cəmiyyəti yox.

Elçin Alıoğlu
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/730449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR