Bakı, 2 may, AZƏRTAC
Kembric şahzadəsi Keytin qız uşağı dünyaya gəlib. Bu barədə Keyt və onun həyat yoldaşı - şahzadə Uilyamın rəsmi iqamətgahı hesab olan Kensinqton sarayının yaydığı məlumatda deyilir.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, yeni doğulan şahzadə babası Çarlz, atası – şahzadə Uilyam və böyük qardaşı – şahzadə Corcdan sonra Britaniya taxtına dördüncü namizəddir.
Uzun sürən maraq Keyt və Uilyamın pərəstişkarlarının xəstəxananın qabağına toplanmasına səbəb olub. Onlar şad xəbəri qaçırmamaq məqsədi ilə çadırlar quraraq sutka ərzində klinikanın önündə növbə çəkiblər.
Aprelin 2-də Londonun Müqəddəs Məryəm xəstəxanasına silahlı polis dəstələri cəlb edilib. Kral mühafizəsi zabitlərinə 24 saatlıq rejimlə xəstəxananın “Lindo” qanadını nəzarət altında saxlamaq əmr olunub.
Xatırladaq ki, Keytin hamiləliyinə xüsusi maraq göstərən bukmeyker kontorları bu müddət ərzində uşağın anadan olacağı vaxta, həmçinin cinsinə, adına və hətta çəkisinə belə mərc gedişləri qəbul edirdilər. Totalizatorlarda mərcə qoşulan britaniyalıların əksəriyyəti Keytin qız uşağının anadan olacağını düşünüb. Pul gedişlərinin edildiyi ən populyar adlar isə Ellis, Şarlotta, Elizabet və Dianadır.
Yenicə dünyaya gələn körpə Keyt və Uilyamın ikinci uşaqlarıdır. 2013-cü il iyulun 22-də cütlüyün ilk övladı – Kembric şahzadəsi Corc Aleksandr Lui dünyaya gəlmişdi.