"Sarsıdıcı zərbələr almışam" - Məchul 5 sual-cavab

Metbuat.az-da yeni "Məchul 5" layihəsinə start verdik.

Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 5 sual ünvanlayacaq.

Həmin şəxs də kimdən gəldiyini bilmədiyi 5 suala öz 5 cavabını verəcək.

Arada vasitəçi Metbuat.az saytıdır.

Tanınmış telejurnalist Aysel Fərziyevanın suallarını Publika.az saytının baş redaktoru Aqil Lətifov cavablandırır.

Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.

- Marketdə vaxtı keçmiş məhsul görəndə nə edir?

- Bu, ölkəmizdə ciddi problemlərdən biridir. Məhsulun vaxtına baxıb sonra almaq vərdişi deyərdim ki, hələ bizdə formalaşmayıb. Çoxları məhsul alanda vaxtına baxmağı heç ağlının ucundan belə keçirmir. Amma deməliyəm ki, son zamanlar bu sahədə xeyli irəliləyiş hiss olunur. Fikrimcə, bu istiqamətdə saytlarımızın maarifləndirici yazılarının və son zamanlar Qida Təhlükəsizliyi Agentliyinin atdığı addımların müsbət təsirləri var. Bizim Publika.az olaraq məhsullarla bağlı bir layihəmiz vardı, ona oxucular tərəfindən böyük diqqət göstərildiyini və müsbət qarşılandığını misal kimi göstərə bilərəm.

Vaxtı keçmiş məhsullar əsasən xırda marketlərdə rast gəlinir. Amma supermarketlərdə də dəfələrlə bu halla qarşılaşmışam. Və mütləq marketin rəhbər şəxslərindən kimisə çağırıb, bu məhsulların satışdan çıxarılmasını təmin etmişəm. Bəzən aidiyyəti dövlət qurumlarını məlumatlandırdığım da olub. Market sahibləri mütləq şəkildə buna fikir verməlidirlər. Çünki bu, vicdan, insanı, vətəndaşını sevmək məsələsidir. Özümüzü rəva bilmədiyimiz bir şeyi, başqasına satmamamlıyıq.

- Ən sevdiyi 1 misranı desin, bənd ya bütov şeir də ola bilər.

- Sevdiyim misralar çoxdur. Bunların arasında müxtəlif mövzulu əsərlər var: vətən, eşq və s. Amma tez-tez səsləndirdiyim bir neçə misranı deyəcəm. Xüsusən kimsə xırda qüsurları əldə bayraq edəndə, yaxud məsələyə lazımsız şəkildə yanaşanda, kiminsə uğuruna kölgə salmağa çalışanda və bu kimi məsələlərdə aşağıdakı misralar yaddaşımın bir küncündən beynimi döyür. Xüsusən Sabirdən bu misralar:

Əcnəbilər seyrə balonlarla çıxır,

Biz hələ abtomobil minməyiriz.


Həmçinin bu da var:


Səs salma yatanlar ayılar, qoy hələ yatsın,

Yatmışları razı deyiləm kimsə oyatsın.


Əliağa Vahidin bu misraları isə həqiqətən qürurvericidir:

Ey bülbüli-şeyda, sevinmə ki, çəmənim var,

Qoy fəxr edim mən, ki, gözəl bir Vətənim var.


Həqiqətən insanın müstəqil dövlətinin, Vətəninin olması, azad yaşaması sözlərlə ifadə edilməsi çətin olan xoşbəxtlikdir. Deyərdim ki, bu ləzzət heç nə ilə əvəz oluna bilməz.


- "Ölmədən əvvəl etmək istədiklərim" siyahısı var? Varsa ilk üçlük nələrdi?

- Sözün açığı, ölüm barədə demək olar ki, hər gün düşünürəm. Və bu məsələdə peyğəmbərimizin kəlamını diqqətə alıram daim. “Elə yaşa və elə əməllər et ki, heç ölməyəcəksən, yaxud elə yaşa ki, sanki bu dəqiqə öləcəksən”. Bununla bağlı xüsusi bir siyahım yoxdur. Amma arzum, məqsədim üzərimdə olan öhdəlikləri yerinə yetirmək, mənə bağlı olan insanların, ailəmin daim yaxşı yaşamını təmin etmək, hər an onları xoşbəxt görmək, başqa sözlə, onlara daim sevinc bəxş etmək gücündə olmaqdır.

- Ən böyük zərbəni kimdən və nə vaxt almısız?

- Təbii ki, bu, hər kəsin başına gələn haldır. Fikrimcə, insana ən güclü zərbəni ancaq yaxınında olan, gözləmədiyi şəxslər vura bilər. Mən də bir neçə dəfə bu halla qarşılaşmışam. Ad açıqlamayacam, amma dəfələrlə ən yaxın ətrafımda gözləmədiyim, hətta sarsıdıcı zərbələr almışam. Haqqımın vəhşicəsinə yeyildiyinin, sonra güclü zərbə alaraq “nokaut” olduğumu görmüşəm. Ancaq həyat budur və belədir. Məhz bunlarla bərkiyirik. Əsas olan o zərbələrdən sonra özünə gəlmək, ayağa qalmağı bacarmaqdır. Məhz o zərbələrdən sonra adam daha güclü şəkildə yerdən qalxır və ayaqda dimdik durur.

- İnsanın həyatını dəyişən, tamamilə yeniləşdirən yaxud darmadağın edə bilən kitablar varmı?

- İndiki zamanda, yəni internetin sürətlə yayıldığı, texnologiyanın hədsiz dərəcədə inkişaf etdiyi, sosial medianın həyatımıza inanılmaz müdaxilələrinə baxdıqda kitab anlayışı xeyli dəyişib desəm, yalan olmaz. Çünki insanlar informasiyanı, hansısa bir yazını, əsəri kitabdan daha çox, internet üzərindən əldə edir. Lakin kitab oxuma mədəniyyəti ayrı bir dünya, ayrı bir ləzzətdir mənim üçün. Hətta yazını qəzetdən oxumaq belə, ayrı bir dünyadır. Suala gəldikdə isə, insanın həyatını damadağın edən deməzdim, onu fikirlərini, düşüncələrini, hətta həyata baxışını köklü şəkildə dəyişəcək kitablar, əsərlər yazılıb, yazılır və yazılacaq. Məhz bizlər belə kitablarla özümüzü tapır, həyat görüşümüzü formalaşdırırıq.

Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı