"Jurnalistikaya təsadüfən gəlməmişəm" - İki mətbuat katibi üz-üzə

Metbuat.az-da "Məchul 5" layihəsi davam edir.

Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.

Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.

Arada vasitəçi Metbuat.az saytıdır.

Bakı şəhər Təhsil İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədovun suallarını Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı cavablandırır.

Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.

- Nə vaxtsa bu sahədə çalışacağınızı düşünərdizmi? Yəni, sizi bura arzu gətirib, yoxsa təsadüf?

- Jurnalistikaya təsadüfən gəlməmişəm. Bu, mənim öz seçimimdir. Uşaqlıqdan aparıcı olmağı arzulamışam. Adətən uşaq vaxtı peşə seçimi ilə bağlı fikirlər dəyişkən olur. Ancaq mən özümü dərk edəndən bir arzum olub – xəbər aparıcısı olmaq. Başqa heç bir peşənin sahibi olmağı arzulamamışam. Artıq böyüyəndən sonra - mətbuatda çalışmağa başlamışdım, efirə çıxırdım - ikinci bir sahəyə də marağım yarandı – diplomatiya. Səfir olmağı arzulayırdım. Hətta ikinci ixtisasım beynəlxalq münasibətlərdir. Amma bu arzunun arxasınca getmədim. Jurnalistika sevgim daha ağır basdı. Mətbuat katibi vəzifəsində çalışmaq barədə isə düzü heç vaxt düşünməmişdim. Çünki, televiziyanı və radionu çox sevirəm, işimə heç vaxt hansısa digər sahəyə keçid üçün tramplin kimi baxmamışam. 18 yaşımdan mətbuatda çalışıram, bunun 17 ili tv və radionun payına düşür. Ancaq bəzən həyat səni olduğun yerdən götürüb başqa bir yola qoyur və deyir ki, “buradan davam et”. Mətbuat katibliyinə gəlişim də belə oldu. Hərdən insanın həyatında dəyişiklik, yenilik etmək, yeni nəsə öyrənmək istəyi olur. Mən də həyatımın belə bir məqamında Dənizkənarı Bulvar İdarəsində mətbuat katibi vəzifəsində çalışmaq təklifini qəbul etdim. Heç də peşman deyiləm. Çox maraqlıdır, işimdən zövq aqlıram. Üstəlik bu vəzifəyə gəlişimlə heç də sevdiyim peşədən ayrılmadım. Əvvəla mətbuatla iş olduğu üçün demək olar ki, elə öz sahəmdəyəm. İkincisi paralel olaraq aparıcı kimi fəaliyyətimi davam etdirmək imkanı da yaradılır, buna görə çox şadam.


- Mətbuat katibi öz təmsil etdiyi qurumda ən çox axtarılan şəxsdir. Axtarılmaq necə bir hissdir?

- Yəqin ki, dünyanın ən gözəl hissidir. Axtarılmaq lazım olmaq deməkdir. Səni axtarırlarsa demək yararlısan, dəyərlisən. Bir insan üçün lazım olduğunu hiss etmək xoşbəxtlikdir.


- Mətbuatla çalışan şəxs daha çox diplomat olmalıdır, yoxsa səmimi? Və ya ən böyük biclik düzlükdürmü?

- Hər şeydən bir az olsa daha yaxşıdır. Yəni, məqamına və yerinə görə. Amma mənim üçün səmimiyyət daha ağır basır. Hər şeydə səmimiyyətdən yanayam mən. Və ən böyük biclik düzlükdür – bəli.


- Sizdə də iş qrafiki 24/7-dir?

- Xeyr, həftənin 7 günü və 24 saat işləmirəm. Amma mənim işim elədir ki, istənilən saatda, hətta istirahət günlərində belə hansısa bir həmkarım cəkilişlə ya da hər hansı bir məsələ ilə bağlı zəng vura, nəyisə dəqiqləşdirə bilir. Məsələn gecə saat 11-də televiziyadan zəng vurub səhər tezdən Bulvar ərazisindən canlı bağlantıya çıxmaqla bağlı müraciət edənlər olur. Doğrudur o saatda mən də rəhbərliyi narahat etmək məcburiyyətində qalıram, amma bizim idarədə hər kəs işin çox sevir, məsuliyyətlə yanaşır. İstənilən müraciətə də operativ baxılır.


- Hardan-hara və ya burdan hara?

- Haradan hara gəldiyimi bilirəm. Bu günə qədər öz istəklərimə uyğun seçimlər etmişəm. Hara gedəcəyimi isə həyat göstərəcək.


- Yazmağı xoşlayırsınız, yoxsa danışmağı?

- Mənim işim danışmaqdır. Ancaq hərdən yazmağı da sevirəm. Düşüncələrimi, hisslərimi kağıza köçürmək ehtiyacı hiss edəndə.


Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı