İran xarici işlər naziri Məhəmməd Cavad Zərif istefasının qəbul edilməməsindən sonra sosial media səhifəsində açıqlama yayıb.
Metbuat.az xəbər verir ki, Zərif sosial mediadakı şərhində son 30 saat ərzində ona verilən dəstəyə görə səlahiyyətlilərə və İran xalqına təşəkkür edib:
"Xarici siyasətimizi irəliyə aparmaq, İran xalqının hüquq və maraqlarını beynəlxalq arenada müdafiə etməkdən başqa bir narahatlığım olmayıb. Xarici İşlər Nazirliyinin hər kəsin dəstəyi ilə Konstitusiya, ölkədəki qanunlar və ümumi siyasət çərçivəsində vəzifəsini layiqincə yerinə yetirməyini diləyirəm”.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif ötən gün İnstaqram səhifəsində istefa verdiyini açıqlayıb. İran prezidenti Həsən Ruhani isə Zərifə xitabən qələmə aldığı və Prezident saytında nəşr olunan açıq məktubunda deyib: “Ölkənin diplomatik orqanları, hökumət və hətta xalq tərəfindən seçilən dövlət başçısına qarşı təzyiqlərə qarşı mübarizədə sizi ən öndə görürəm. Bu səbəbdən də istefanızı xalqın maraqlarına qarşı görürəm və istefanızı qəbul etmirəm”.
Günay Elşadqızı / METBUAT.AZ