[ 04 May 2015 09:53 ]



Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi keçirilir.

APA-nın xəbərinə görə, "Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi" mövzusunda keçirilən konqresdə ADHTİ-nun rektoru Nazim Qasımov, Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti Samir Cavadzadə, eyni zamanda, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Moldova, Gürcüstan və Belarusdan dəvət olunan professorlar iştirak edirlər.

Tədbirdə çıxış edən N. Qasımov bütün sahələrdə olduğu kimi səhiyyə də son illər dinamik inkişafda olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda cərrahiyyənin bölmələrindən biri olan urologiyanın inkişafı uzun illər İnstitutunun rektoru olan Mirməmməd Cavadzadənin adı ilə bağlıdır: "Belə ki, onun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 1966-cı ildə Sovetlər Birliyində ilk dəfə olaraq Bakıda ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi - Respublika Klinik Uroloji xəstəxana yaradılıb. Burada urologiya və operativ nefrologiyanın bütün bölmələri, o cümlədən hemodializ, uşaq, rentgen-radioloji, anestezioloji və reanimasiya şöbələri, tibbi genetik məsləhətxana təşkil olunub. Akademik M. Cavadzadə Azərbaycan uroloji məktəbini yaradıb və onun tərəfindən 1972-ci ildə Qafqaz və Orta Asiya ölkələrində ilk dəfə böyrək köçürmə əməliyyatı aparılıb. Son illərdə prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və ən yüksək standartlara uyğun təchiz olunan klinikada yaradılan şərait əhaliyə göstərilən uroloji xidmətin keyfiyyətinin yüksəldilməsinə, urologiya sahəsində elmi-tədqiqat işlərinin aparılmasına, bu sahə üzrə mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə geniş imkanlar yaradır. Bu gün fəxrlə qeyd etmək olar ki, Azərbaycanda ən qabaqcıl endo-uroloji, mini-invaziv cərrahi əməliyyatlar, böyrək transplantasiyası uğurla həyata keçirilir".

Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti Samir Cavadzadə isə bildirib ki, tədbir Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Onun sözlərinə görə, konqres çərçivəsində müasir endoskopik texnologiyaların tətbiqi ilə əməliyyatların icrası və onların konfrans salonuna birbaşa ötürülməsi nəzərdə tutulub: “Son illər Azərbaycanda müxtəlif səviyyəli tədbirlər, konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsi ölkənin müxtəlif sahələrdə digər ölkələrlə inteqrasiyasını təmin edir. Bu gün keçirilən konqres də bu sahə üzrə müxtəlif ölkələrdə fəaliyyət göstərən mütəxəssislərlə qarşılıqlı əlaqələrin yaranmasına, təcrübə mübadiləsinin aparılmasına şərait yaradacaq".

Konqresin davamında müxtəlif mövzularda məruzələr dinlənilib, məruzə ətrafında diskussiyalar aparılıb.

Qeyd edək ki, konqres iki gün davam edəcək. Mayın 5-də müxtəlif ölkələrin uroloqları canlı əməliyyatlar aparılacaq və onların icrası konfrans zalına birbaşa ötürüləcək.