Ermənistandakı siyasi qüvvələr Dağlıq Qarabağ münaqişəsinin girovuna çevriliblər

Ermənistandakı siyasi qüvvələr Dağlıq Qarabağ münaqişəsinin girovuna çevriliblər
09:47 20 Mart 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

30 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarmaq uğrunda ardıcıl mübarizə aparan Azərbaycan bu məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bununla belə başqa yollardan da istifadə etmək hüququnu özündə saxladığını dəfələrlə yüksək səviyyəli kürsülərdən bəyan edib.
Bu baxımdan, Azərbaycanın Xarici İşlər Nazirliyi də ardıcıl diplomatik siyasət yürüdür. Hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə bir daha hörmət ifadə olunmaqla erməni təcavüzü nəticəsində çoxlu sayda mülki şəxsin doğma yurdlarını tərk etmək məcburiyyətində qalması ilə regionda yaranan humanitar vəziyyətdən narahatlıq bildirilir, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun bu münaqişədə vasitəçilik missiyası təsdiq olunur.
O vaxtdan keçən uzun illər ərzində Ermənistanın həmin qətnamələri yerinə yetirməməsinə baxmayaraq, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə ədalətli həlli üçün səylərini davam etdirir.
Xarici işlər naziri Elmar Məmmədyarovun bu günlərdə bildirdiyi kimi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında apardığı qanunsuz fəaliyyətlər sülhə və təhlükəsizliyə xələl gətirməklə münaqişənin həllini yubatmağa xidmət edir: “Bizim bu problemin həllini tələb etməyə hər cür haqqımız var. Biz sülhə və bu məsələlərə ədalətli yanaşmaya dəstək verməliyik”.
Politoloq Tofiq Abbasovun fikrincə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı yeritdiyi siyasətin başlıca cəhətləri məhz məsələnin ədalətli həlli üçün siyasi və diplomatik çalışmaların ardıcıl və dönməz səciyyə daşımasıdır.
“Düşünülmüş, qətiyyətli, tərəddüdsüz, Ermənistanla hərbi münaqişənin həll olunmamış qalmasına baxmayaraq, ədalətin qələbə çalmasına yönələn xətt yeridirik”, - deyən ekspert Dağlıq Qarabağ münaqişəsinin tərəflərə təhdid olmaqla yanaşı, bütün Cənubi Qafqaz üçün də mühüm təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb.
“Hələ 1994-cü ildə ilk dəfə atəşkəsə nail olunarkən Azərbaycan regionda mehriban qonşuluq ab-havasının bərqərar olması naminə ifrat ssenaridən əl çəkib güzəştli sülh variantına üstünlük verməyin daha məqbul olduğunu qarşı tərəfə çatdırmışdı. Belə ki, Ermənistan Azərbaycanı təhdid etməklə yanaşı, üstəlik, Gürcüstana, İrana, Türkiyəyə, hətta Rusiyanın özünə belə ərazi iddialar irəli sürür. Azərbaycan isə Dağlıq Qarabağda atəşkəsə nail olunduğu 90-cı illərin ortalarından bu yana vəziyyəti sağlamlaşdırmağa yönələn qətiyyətli siyasət aparır”, - politoloq vurğulayıb.
T.Abbasov münaqişənin həlli üçün müəyyən imkanlar açılan kimi erməni millətçilərinin sülh prosesini pozmaq üçün məsələni millətlərarası düşmənçilik məcrasına çəkmək üçün hər vasitəyə əl atdıqlarını qeyd edib: “Bütün bunlar son nəticədə erməni sülh diplomatiyasının dalana dirənməsinə gətirib çıxardı. Xatırladığımız kimi, 2016-cı ilin aprel ayında ciddi hadisə baş verəndə Ermənistan qətiyyən gözləmədiyi bir vəziyyətlə üz-üzə qalmışdı. Azərbaycan Ordusunun kiçik miqyaslı əks hücumu qəsbkarları ağıllanmağa məcbur etdi. Bundan sonra onların, hər halda, sağlam düşüncəyə dönərək hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla əsas diqqəti diplomatik müstəvidəki fəaliyyətə yönəldəcəklərini gözləmək olardı. Lakin Azərbaycanın yürütdüyü konstruktiv xəttin hələlik NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatlarda, ümumiyyətlə, Ermənistandan savayı, hər yerdə anlayışla qarşılandığını görürük. Ona görə ki, Ermənistan rəhbərliyi cari vəziyyəti müvafiq şəkildə dəyərləndirərək ağıl və məntiqin səsini eşitməyə özünü kökləmək iqtidarında deyil”.
Ermənistandakı siyasi qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin girovuna çevrildiyini qeyd edən ekspert Ermənistan daxilində siyasi qüvvələrin və qrupların haqq-hesab çəkmək üçün bu münaqişədən istifadə etdiklərini bildirib: "Ermənistanın daxili siyasətinin bu seqmenti xarici siyasətlə də müəyyən əlaqəsi olmaqla bir növ saatlı bombaya çevrilib. Yəni onlar bir-birini məhz Qarabağ məsələsində meydandan silməyə, yox etməyə çalışırlar. Bu da olduqca dağıdıcı prosesdir. Deməli, Ermənistan siyasi elitası birincisi, zamanın nəbzini tuta bilmir, ikincisi, beynəlxalq təsisatların nə istədiklərini eşitmək qabiliyyətindən məhrumdur”.

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/ermenistandaki-quvveler-qarabag-munaqisesinin-girovuna-cevrilibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR