Özlərini öz pulları ilə öldürən ermənilər...

Özlərini öz pulları ilə öldürən ermənilər...
22:17 14 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

Bütün Ermənistan sarsıntı içərisindədir. Bu ölkəni qorumalı olan rusiyalı hərbçi bir erməni ailəsini məhv edib. Gümrü şəhərində bir ailənin 6 üzvünü amansızcasına qətlə yetirən rusiyalı əsgər, hətta iki yaşlı uşağa qıymayaraq onu ağır yaralayıb. Ermənilərin ödədikləri vergi hesabına saxlanılan baza elə özlərinin qəniminə çevrilib.

Bu ölkədə xidmət edən rusiyalı əsgərlər daha əvvəl buna bənzər "qəhrəmanlıqları" ilə yadda qalıblar. 1999-cu ildə sərxoş vəziyyətdə olan iki əsgər yerli bazarda silahdan atəş açaraq iki nəfərin həyatına son qoymuşdu. 2013-cü ildə isə Rusiya hərbi bazasına aid olan poliqona keçmək istəyən iki yeniyetmə ölmüşdü.

İndi cinayətkar əsgərin Ermənistana verilib-verilməyəcəyi məsələsi müzakirə obyektinə çevrilib. Ermənistan və Rusiyanın konstitusiyası ölkə vətəndaşlarının xarici dövlətə verilməsini qadağan edir. Moskva bildirib ki, əsgərini verməyəcək. Digər tərəfdən, Rusiyanın Ermənistandakı hərbi bazasının fəaliyyət qaydaları haqqında iki dövlət arasında müqavilə mövcuddur. Müqaviləyə əsasən, bu bazaya təhkim edilmiş şəxslər Ermənistanda cinayət törədərlərsə, onlara yerli qanunvericilik tətbiq edilir.

İndi rəsmi Yerevan sınaq qarşısındadır. Ya 6 erməninin ölümünə göz yumaraq Rusiyanın bir sözünü iki etməyəcək, ya da... "Ya da"sı yoxdur, elə belə də olacaq. Ermənistan özünü ölkənin ağası kimi göstərməyə çalışaraq istintaqın yerli hüquq-mühafizə orqanları tərəfindən aparılacağını desə də, çox keçmədən Rusiya tərəfi həmkarlarını yerinə oturtdu. Artıq cinayətkar Rusiya hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

Bu arada bədnam qonşumuz cinayətkar əsgərlə Ramil Səfərov arasında utanmadan paralel aparmağa başlayıb. Hər bir hadisədə Azərbaycan izi axtarmağa çalışan ermənilər unudurlar ki, qadın və uşaq qatili özləridir. Qoy onlar Xocalıdakı soyqırımda ermənilərin qadın, uşaq və qoca demədən hər kəsi necə qırdıqlarını Serj Sarkisyandan soruşsunlar.

Ermənilər başa düşməlidir ki, Vətən sərhədini öz əsgəri qoruyar. Bəlkə də başa düşürlər, sadəcə müstəqil siyasət yeridə bilmədiklərindən, asılı vəziyyətdə qaldıqlarından başqa çıxış yolları da yoxdur. Serj Sarkisyan hakimiyyətinin aqibəti belə də olmalı idi. İndi seçim Ermənistan xalqınındır: ya terrorçunu hakimiyyətdən devrilməli, işğal olunmuş Azərbaycan torpaqları qaytarılmalı, ya da...

Məftun Salmanov,
Trend - Azərbaycan xəbərlər xidməti

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR