""Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş sahibkarların sənədlərinin qəbulu bu gündən başlanılır".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, ödəniş "Kapital Bank" və "Turan Bank" vasitəsilə həyata keçiriləcək. Nazirin sözlərinə görə, sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar maddi yardımdan xidmət haqqı tutmayacaqlar. Şahin Mustafayev əlavə edib ki, 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində yerləşdirilib: "Bu günə olan məlumata görə, 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib. Kreditlə bağlı 14 -15 milyon manat tələb ortaya çıxıb. Biz bu tələbi qarşılamağa hazırıq".

Nazir qeyd edib ki, Sahibkarların İnkişaf Fondunda tələb olunan vəsait mövcuddur. Hökumətdə yaradılan komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək.

Günay Elşadqızı / METBUAT.AZ

Foto: İdrak Mustafayev