Aprelin 4-də Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az-a daxil olan məlumata görə, hadisə dünən saat 21:00 radələrində Göyçay şəhəri, Nizami küçəsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Abdulov Emil Bəylər oğlu Göyçay şəhəri, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən idarə etdiyi "Vaz 2107" markalı "10-OZ-549" dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törədərək qarşısına çıxan Göyçay sakini 1950-ci il təvəllüdlü Mehdiyev Abduləli Məhəmmədəli oğlunu vurub və o, hadisə nəticəsində aldığı xəsarətlərdən həmin gün saat 23:00 radələrində Göyçay MRX-da ölüb.
Daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, meyitin xarici müayinəsi aparılıb və məhkəmə-tibbi ekspertizası təyin edilərək meyit daxili müayinə olunmasından ötrü MTE və PA ETT Birliyinin Göyçay rayon şöbəsinə təqdim edilib.
Sürücü sərxoşluq müayinəsindən keçirilib və onun sərxoş olmadığı müəyyən edilib.
Faktla bağlı Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Aysel Yaqubqızı / Metbuat.az