Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror E.Əliyevin 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.

İttihama görə, ötən il Bakının Nəsimi rayonunda 1994-cü il təvəllüdlü, Türkiyə vətəndaşı Altürk Mazlum Bülbül prospektində yerləşən restoranda azərbaycanlı dostu Elxan Əliyevə qonaqlıq verdikdən sonra onunla mübahisə edib.

Nəticədə E.Əliyev A.Mazlumu ürək nahiyəsindən bıçaqlayıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan E.Əliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin