“Azərbaycan dünyanın ən əmin-aman və inkişaf edən ölkələrindən biridir”

Bu gün Prezident İlham Əliyevin növbəti dəfə Azərbaycanın dövlət başçısı seçilməsindən bir il ötür.

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində səslərin 86.03%-ni toplayan Prezident İlham Əliyev dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilib.

Bir il ərzində görülən işləri Metbuat.az-a şərh edən millət vəkili Məlahət İbrahimqızı deyir ki, bu gün həqiqətən də Azərbaycan tarixində əlamətdar bir gündür:

“2018-ci ildə Azərbaycan xalqı növbəti 7 ildə də öz uğurlu taleyini prezident İlham Əliyevin fəaliyyətində gördü. Xalq ötən il aprelin 11-də seçki məntəqələrinə gedib bir daha “İhamla irəli” dedilər. Bunun kökü təkcə ulu öndər Heydər Əliyevin siyasətinə bağlılığından, xalqın yaxud da prezident İlham Əliyevə böyük rəğbət və sevgisindən qaynaqlanmır. Həm də ötən 15 ildə cənab prezident Azərbaycan xalqının gözləntilərini və arzularını yüksək səviyyədə həyata keçirib, reallaşdırıb. Son bir ildə isə prezident İlham Əliyev tərəfindən çox fundamental əsaslı, yəni uzaq hədəflərə yönələn işlər görülüb. Ötən il dövlət başçısı innaqurasiya mərasimindən bir neçə gün sonra 10 min şəhid ailəsini əhatə edən Fərman imzaladı. TANAP, TAP kimi mühüm layihələr, Türkiyədə Star neft emalı zavodunun açılışı, “Azerspace-2” peykimizin orbitə buraxılmasını göstərə bilərik. TANAP layihəsinin açılışı ilə Azərbaycanın dünyada ən mühüm nəqliyyat koridorlarından birinə çevrilməsinə nail olundu.

Bundan əlavə, sosial sahədə çox böyük işlər görüldü. Dünyanın maliyyə böhranı ilə üzləşdiyi bir zamanda Azərbaycanda vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemli kreditlərlə bağlı fərman nadir tarixi hadisə idi. Sosial sahədə çoxlu sayda müavinətlərin verilməsi, sosial təqaüdlərin təsis olunması, qaçqın və məcburi köçkünlər üçün yaradılan şəhərciklər, Azərbaycan Milli Ordusunun 100, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı böyük tədbirlərin keçirilməsi, eləcə də Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı və s. bir sıra çoxşaxəli işlər görülüb. Azərbaycan artıq dünyanın ən əmin-aman, eyni zamanda ən inkişaf edən ölkələrindən biridir.


Prezident İlham Əliyev sonuncu dəfə Davos forumunda iştirak edən zaman zalda boş yer qalmamışdı, bütün digər sessiyalardan, panellərdən də Azərbaycan dövlət başçısını dinləməyə gəlmişdilər. Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ilə “Bir kəmər, bir yol” layihəsinin ən aparıcı hissəsinə çevrilib. Azərbaycan bu gün dünyanın marağında olan bir ölkədir, eyni zamanda Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Bu gün Azərbaycan haqlı olaraq beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq sazişləri imzalayır. Yaxın vaxtlarda da gözləyirik ki, Avropa İttifaqı ilə Azərbaycan əməkdaşlıq, strateji əməkdaşlıq kimi sazişlər imzalasın. Bütün bunlar prezident İlham Əliyevin son bir ildə gördüyü işlərin kiçik hissəsidir. Prezident İlham Əliyevlə birgə onun yaxın silahdaşı, birinci vitse-prezident Mehriban Əliyeva da həm vitse-prezident, həm də Heydər Əliyev Fondunun qurucusu və rəhbəri kimi çox böyük işlər görüb. Bütün bu işlər vəhdət təşkil edir. Ümumilikdə götürəndə son bir ili çox uğurlu il adlandırmaq olar”.

Millət vəkili Aydın Hüseynov isə deyir ki, 2018-ci il 11 aprelində Prezident İlham Əliyevin böyük səslə yenidən dövlət başçısı seçilməyi birinci növbədə xalqın qələbəsi idi: “Çünki Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun daha da davam etdirilməsi və uğurlarımızın, nailiyyətlərimizin davam etməsi üçün prezident İlham Əliyevə səs verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu bir ildə həm sosial, həm də iqtisadi sahədə çox böyük nailiyyətlərə imza atdı. İqtisadi sferanı götürsək, görürük ki, iqtisadiyyatımızın həcmi 1,4% artdı, xarici borcumuz 22 faizdən 19 faizə düşdü, xarici ticarət dövriyyəmiz daha da genişləndi və müsbət saldo ilə nəticələndi. Valyuta ehtiyatlarımız 45 milyarda çatdı, Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalar 10 dəfə artdı. Turistlərimizin sayı 2 milyon 850 minə çatdı.

Qeyri-neft sektorunda xüsusilə önəmli nailiyyətlər əldə olundu və 9,8 faiz artım oldu, eləcə də kənd təsərrüfatı sahəsində. Azərbaycan məhsulları xarici bazarlara çıxdı. Ən başlıcası isə qüdrətli ordumuz formalaşıb. Biz 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini, eyni zamanda da Ordumuzun 100 illiyini qeyd edərkən ordumuzun gücünü, qüdrətini gördük. Ordumuzun dünyanın ən çevik və inkişaf etmiş orduları sırasında 50-liyə düşməsi və bütün görülən işlər İlham Əliyevin səyləri nəticəsindədir. Dövlət başçısının ardıcıl, prinsipal fəaliyyətinin nəticələrindən bu gün hər bir Azərbaycan vətəndaşı bəhrələnir. Əmək haqlarının, təqaüdlərin artırılması, problemli kreditlərin həll olunması, bütün bunlar cənab Prezidentin Azərbaycan vətəndaşına olan diqqətinin, qayğısının və apardığı siyasətin mərkəzində məhz xalqımızın dayanmasını təsdiq edən ən böyük, uğurlu addımlardır”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR