Azərbaycanda orta əsrlərə aid yaşayış məskəni tapıldı - FOTO

Azərbaycanda orta əsrlərə aid yaşayış məskəni tapıldı - FOTO
20:22 26 Aprel 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparılıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan Sputnik Azərbaycan-a verilən məlumata görə, tədqiqatlar tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə həyata keçirilib.

Tədqiqatlar zamanı qeyd olunan ərazidə kurqanlar və yaşayış yeri aşkar olunub. Orta əsrlər dövrünə aid olan yaşayış yeri Goranboy rayonunun Səfikürd kəndi ərazisində, təbii-coğrafi baxımdan çox əlverişli mövqedə yerləşir. Abidə Qarasu dərəsinin sol sahilində yerləşdiyindən Qarasu yaşayış yeri adlandırılıb. Ümumi sahəsi 3 ha-dan artıq olan yaşayış yeri relyef baxımından maili təpəlikdən ibarət düzənlikdir. Abidə şimaldan müasir kənd qəbiristanlığı, cənub və qərbdən həyətyanı sahələr və əkin yerləri, şərqdən Qarasu dərəsi ilə əhatə olunub. Yaşayış yerində aparılan ilkin arxeoloji tədqiqatlar zamanı şirli və şirsiz saxsı qab nümunələri, əsasən əkinçilik təsərrfatında istifadə olunan daş əmək alətləri, şüşə və metal məmulatı, sikkə nümunələri və s. aşkar edilib. 

Yaşayış yerinin üzərində bişmiş kərpic nümunələrinə rast gəlinir. Əldə edilən saxsı məmulatları formalarına, növlərinə, dekor rənglərinə və hazırlanma texnologiyasına görə fərqlənir. Saxsı qab nümunələri çəhrayı, boz, qırmızımtıl rəngdə hazırlanıb. Şirli saxsı qabların əksəriyyəti bir və ya daha çox rəng çalarlarından istifadə edilməklə naxışlanıb. Daha çox firuzəyi, qara, yaşıl, göy, qəhvəyi rənglərə üstünlük verilib.

Müzəffər Hüseynovun bildirdiyinə görə, ilkin tədqiqatlar nəticəsində yaşayış yerinin X-XIII əsrlərə aid olduğu ehtimal edilir. "Gələcəkdə aparılacaq arxeoloji qazıntı işləri zamanı abidənin dövrü haqqında daha dəqiq məlumatın əldə ediləcəyinə ümid edirik" - deyə M.Hüseynov əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/750103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR