“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin növbəti sayı çapdan çıxdı

“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin növbəti sayı çapdan çıxdı
15:18 1 May 2019
Ölkə mətbuatı
A- A+

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq çap olunan və Bakı şəhərinin mədəniyyət ocaqlarının aylıq repertuarı, tədbir və təqdimatları barədə məlumatları əks etdirən “Mədəniyyət+Afişa” nəşrinin növbəti – may ayı buraxılışı işıq üzü görüb.

“Mədəniyyət” qəzetinin aylıq əlavəsi paytaxtın mədəniyyət ocaqlarında sakinlər, şəhərin qonaqları arasında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir. Nəşrin məqsədi ictimaiyyəti, sənətsevərləri paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkili üçün bu müəssisələrin işinə informasiya dəstəyi verməkdir.

Nəşr aprel sayından etibarən oxuculara xalqımızın zəngin ədəbi xəzinəsinin incilərini təqdim etmək, mütaliəyə marağı təşviq etmək yönündə də öz töhfəsini verməkdədir. 650 illiyi ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunan böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin söz dünyasına səyahət nəşrin may buraxılışında da davam etdirilir. Ədəbiyyatımızın dəyərli səhifələrinə yetişməkdə olan nəslin, o cümlədən tələbə və gənclərin marağını daha da artırmaq xüsusi önəm kəsb edir. Bu məqsədlə “Nəsimi ili”nə töhfə olaraq aprel ayında “Mədəniyyət+Afişa”nın Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində təqdimatı keçirilmiş, nəşrin nüsxələri universitetin digər fakültələrinin tələbələri arasında yayılaraq maraqla qarşılanmışdı. Qəzetin təşəbbüsünü təqdir edən ADPU rəhbərliyinin dəstəyi ilə “Afişa” əlavəsinin yeni çapdan çıxan may buraxılışı da tədris ocağının müxtəlif fakültələrində tələbələrə təqdim edilib.

Mayın 1-də universitetin Filologiya fakültəsində keçirilən təqdimatda dekan – filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova, dekan müavini pedaqogika üzrə fəlsəfə doktoru, dosent Pəri Paşayeva, filologiya üzrə elmlər doktoru, dosent Həcər Hüseynova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Yusifov, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Adil Balıyev iştirak ediblər. Tədbirdə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ərsəyə gələn belə bir nəşrin həm tələbələrin, həm də müəllimlərin paytaxtın mədəniyyət ocaqları ilə ünsiyyəti, özəlliklə teatrlara marağın artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, nəşrin yeni sayı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında və F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da oxuculara təqdim edilir.

“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin yeni sayı Bakı şəhərindəki 1 və 3 saylı “ASAN Xidmət” mərkəzlərində, həmçinin paytaxtdakı teatr-konsert müəssisələrində də vətəndaşlara paylanılır.

Qeyd edək ki, nəşrin may buraxılışında ay ərzində Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarında göstəriləcək tamaşalar, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, filarmoniyanın Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrında təqdim olunacaq konsertlər, eləcə də Nizami Kino Mərkəzində böyük ekrana çıxacaq yeni filmlər, qalereya və sənət mərkəzlərindəki sərgilər barədə ətraflı məlumat almaq mümkündür. Nəşrdə teatrlardakı tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar da dərc olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/277356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR