Bakıdan Şarm əş-Şeyxə birbaşa reys açılır – 18 İYULDAN

Misirin Şarm əş-Şeyx şəhərinə səfər etmək üçün Gürcüstana getməyə və əlavə xərclər ödəməyə ehtiyac qalmayacaq. Çünki Bakıdan Şarm əş-Şeyxə birbaşa reyslər açılır. Artıq istənilən turizm şirkətinə yaxınlaşaraq rezervasiya edə bilərsiniz. Birbaşa səfəri təşkil edən isə Selfie-Travel KZ və “Gerso Travel” turizm şirkətidir.

Şirkətin həmtəsisçisi və direktoru Rəvan Qulamlı Metbuat.az-a açıqlamasında bildirib ki, bu günə qədər Şarm əş-Şeyxə səfərlər üçün reyslərin təşkil edilməsi məsələsi bir neçə dəfə qaldırılıb, lakin bu cəhdlər uğursuz alınıb: “Biz daha münasib qiymətlərlə reys təşkil etməyi qarşımıza hədəf qoyduq və Bakıdan birbaşa Şarm əş-Şeyxə reyslərin açılmasına qərar verdik. Bu məsələdə bizə tərəfdaşımız olan Selfie-Travel KZ (Selfie-Travel Qazaxıstan) şirkəti kömək etdi və qarşımıza qoyduğumuz məqsədimizə çatdıq. Birgə fəaliyyətimiz nəticəsində artıq iyulun 18-dən etibarən hər həftənin cümə axşamı günü birbaşa reyslər olacaq. Uçuşlar “SCAT Airlines”ın brendi olan “Sunday Airlines”-in “Boeing-757-200” təyyarələri vasitəsilə baş tutacaq. “Sunday Airlines” Bakıdan requlyar uçuşlar həyata keçirir. Uçuş müddəti isə 3 saat olacaq. Tur-paketimizə daxildir – qidalanma (Bura gündə 3 və ya 5 dəfə qidalanma daxildir), qrup transferləri, 7 gecə 8 gün oteldə qalmaq, Şarm əş-Şeyxə ekskursiya, aviabilet və sığorta”.

Rəvan Qulamlı deyir ki, sərnişinlərimizə 100 faizlik təhlükəsiz və rahat uçuş vəd edirik: “Turlar üçün Azərbaycanda yerləşən istənilən turizm şirkətinə yaxınlaşaraq rezervasiya etmək mümkündür. Reysləri ilkin olaraq 3 aylıq müəyyən etmişik, uçuşlar sentyabrın sonuna qədər davam edəcək. Əgər sonra da turizm şirkətləri tərəfindən istək olarsa, reyslərimizi yenidən davam etdirəcəyik”.

Qeyd edək ki, daha əvvəl yerli turistlər Gürcüstana gedərək oradan Şarm əş-Şeyxə uça bilirdilər. Bu isə onlara daha baha başa gəlirdi:

“Azərbaycandan Gürcüstana gedirdilər, bir gecə orada qalmalı idilər, geri dönəndə isə yenə bir gecə orada qalıb geri qayıdırdılar. Bu isə həm əlavə xərc deməkdir, həm də turistlər bu zaman Şarm əş-Şeyxdən aldıqları gözəl təəssüratın 40 faizini yolda itirirdilər, yorulurdular. Qeyd edim ki, qiymətlərimiz də çox münasibdir. Bizə sual verirlər ki, “sizdə qiymətlər niyə bu qədər yaxşıdır?” Bunun isə səbəbi odur ki, bizim turistlərimizi Şarm əş-Şeyxdə qarşılayacaq tur-operator özümüzündür. Təyyarə də dediyim kimi “Sunday Airlines”-in təyyarələridir, həmin şirkət də “SCAT Airlines"ə məxsus olduğu, yəni özümüzün olduğu üçün qiymətlərimiz daha münasibdir”.

Rəəvan Qulamlı deyir ki, hazırda il ərzində Şarm əş-Şeyxə gedən turistlərimizin sayı 2500-4000 arasında dəyişir: “Birbaşa reyslər təşkil ediləndən sonra turistlərin sayının kəskin artacağını proqnozlaşdırırıq. İnsanlar hazırda bu barədə məlumatsızdır, daha çox insanın məlumatlı olması üçün həm Misirin Azərbaycandakı səfirliyindən, həm də öz ölkəmizdən dəstək alaraq bunu daha çox insana çatdırmağa çalışırıq. Bildiyiniz kimi, iyun ayından etibarən Azərbaycan Hava Yolları Misirə birbaşa reysə başlayır. Bu uçuşlar başladıqdan sonra misirli turistlər də ölkəmizə rahat gələ biləcəklər”.

Şirkət rəsmisi deyir ki, yerli turistlər Şarm əş-Şeyxə çox böyük maraq göstərirlər: “Çünki dünyanın yeddi möcüzəsindən biri olan piramidaları görmək dünyanın hər yerindəki insanların ən böyük arzularından biridir. Bu səbəbdən də birbaşa reys yerli turistlərimiz üçün çox gözəl fürsət olacaq. Çox zaman turistlər qorxur ki, iyul-avqust aylarında orada hava isti olur. Şarm əş-Şeyxdə yayda 37-40 dərəcə isti olur, lakin orada rütubətin çox az olmağı ilə əlaqədar isti çox hiss olunmur. Məsələn, Antalyada temperatur 38-40 dərəcə olanda insanların nəfəs alması çətinləşir, çünki rütubət çoxdur. Amma Misirdə bu cür problem yaranmır, dediyim kimi bunun da səbəbi rütubətin aşağı olmasıdır”.

Bir sözlə, iyulun 18-də Bakıdan birbaşa Şarm əş-Şeyxə birbaşa reysin açılması yerli turistlərimiz üçün çox böyük şansdır. Bu şansdan isə hər kəs yararlana bilər.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: İdrak Mustafayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı