Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) katibliyinin və idarə heyəti üzvlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təntənəli yığıncaq keçirilib.
Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında, ölkəmizin beynəlxalq aləmdə rolunun artmasında əvəzolunmaz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan bəstəkarlarının 1979-cu ilin sentyabrında keçirilmiş V Qurultayında Ulu Öndərin “Azərbaycan bəstəkarlarının yüksək vəzifəsi və amalı” mövzusunda etdiyi məruzə bu gün də aktuallığını saxlayır.
“Ulu öndər Heydər Əliyev Azərbaycan Bəstəkarlarının V Qurultayında etdiyi tarixi çıxışında oratoriya, balet və operaların yazılmasını bəstəkarların qarşısında vacib məsələ kimi qaldırmışdı. Təəssüflər olsun ki, bu mövzular bu gün də problem olaraq qalır”- deyə F.Əlizadə bildirib.
ABİ-nin sədri Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlərinə böyük sevgi və hörmət timsalı olan ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ən uca zirvəsində dayandığını diqqətə çatdırıb.
Təşkilatın katibləri - əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, Cəlal Abbasov və Aliyə Məmmədova Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.
Tədbirdə “Mstislav Rostropoviç və Heydər Əliyev dostluğu” filmindən fraqmentlər nümayiş etdirilib, eləcə də Ulu Öndərin milli bəstəkarlıq məktəbinin inkişafındakı xidmətlərindən bəhs edən məruzələr dinlənilib.
Yığıncaq iştirakçıları həmçinin F.Əlizadənin “İthaf” simfonik poemasını, S.Fərəcovun “Böyük vətəndaş haqqında oda” və O.Rəcəboyun “Ulu Öndər” əsərlərini dinləyib və müzakirə ediblər.