Bakı, 9 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində (ŞREM) ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ŞREM-in direktoru, dosent Yusif Şükürlü ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafında və dünyada tanınmasında müstəsna xidmətlərindən danışıb. Vurğulanıb ki, ölkəmizdə qazanılan bütün nailiyyətlər Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır.
Y.Şükürlü xatırladıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı üzləşdiyi dağılmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Ölkədə sabitlik bərqərar olundu. Respublikanın dinamik inkişafının əsası qoyuldu. Azərbaycan tərəqqi etməyə başladı.
Mərkəzin əməkdaşı, pedaqoji elmlər doktoru Firidun İbrahimov dahi rəhbər Heydər Əliyevin elm sahəsinə daim böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən F.İbrahimov ölkəmizdə əldə olunan yüksək nailiyyətlərdən bəhs edib.
Çıxış edən digər alimlər də ulu öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıblar.