Qədimdən bəri hər kəs ədaləti bərabərlikdə görüb. Dünyada ədalət simvolu olan Femida belə, gözlərini bağlayaraq əllərində tərəzi tutub. Tərəzinin hər iki gözündəki yükün eyni çəkidə bölünməsi ədalətin bərabərlikdə olduğunu simvolizə edir. Buna baxmayaraq, dünyanın ədalət fəlsəfəsi elə Femida mifologiyasının yarandığı dövlərdən pozulur.

Dünyanın sərvətlərinin böyük bir qismi az sayda insanların əlində cəmləşdiyi halda, dünya əhalisinin çox hissəsi orta və yoxsul həyat tərzi keçirmək məcburiyyətindədir. SSRİ dövründə 70 illik kommunizm quruluşu ilahi ədaləti bərpa etməyə çalışsa da, insan xisləti buna imkan vermədi. Bütün sərvətlərin bərabər bölündüyü cəmiyyətdə hər bir insan başqasından daha çox qazanc əldə etmək üçün hər hiyləyə əl atdı. Nəticə olaraq, utopiya əsərlərində yazıldığı kimi ədalətli cəmiyyət qurmaq mümkün olmadı.

Bir halda ki, insan şüuru bütün sərvətlərin bərabər bölünməsinə hazır deyil, o zaman ədaləti bərpa etmək üçün başqa üsullar işə düşür.

Varlıların xaosu

Lord Rotşild Fransa senatındakı mübahisələrdən birindən sonra gülümsəyərək demişdi: "Bir ölkəni idarə etmək istəyirsinizsə, həmin məkanın qanunlarını yox, pullarını mənə verin. Onda görəcəksiniz ki, hamı qanuna necə riayət edir".

Pul yoxsulun çiynindən aşağı basan və onu balacaboy edən, tösmərək və yöndəmsiz varlını basketbolçudan da yüksək edə biləcək nəsnədir. Bəzən tanrıya səcdə etməyi unudan adan pul qarşısında həvəslə baş əydiyi üçün dövlət belə dikbaşları məhz pulla əymək, çoxun əlindən alıb azlara paylamaq əvəzinə, azların ədalətə inamının itməməsinə nail olmalıdır.

Bakının mərkəzi ilə kənarlar arasında qiymət uçurumu yarana bilərmi?

Qəliz məsələ deyil. ABŞ, Kanada, Yaponiya kimi "çürüməkdə olan imperializmi" qoyaq bir kənara. Gələk bizim kimi şən, fasiləsiz nikbin və həmişə nədənsə narazı olmağa hazır insanların yaşadığı ölkələrdən birinə. Ekvadorun paytaxtı Limada şəhər zonalara bölünüb. Mərkəzdə varlılar yaşayırlar, kənarda kasıblar. Limanın 18 kvartaldan ibarət mərkəzi hissəsi 61 məhəllədən ibarətdir. Və burada daşınmaz əmlakın qiymətləri çox bahadır. Eyni zamanda, adi çörək ucqarlardakı analoji kömbədən 1.3, 1.7 dəfə baha satılır. İnternet Limanın ucqarları ilə müqayisədə iki dəfə bahadır. İçməli su isə 4 dəfə bahadır. İlk baxışdan absurddur, ədalətsizlikdir. Axı niyə şəhərin mərkəzində yaşayan adam daha çox pul ödəməlidir? Səbəb çağdaş Ekvador iqtisadiyyatının banilərindən biri Xose Resos Anheliyonun "Varlılar xaosu" nəzəriyyəsindədir. Bu nəzəriyyəyə görə, daha yaxşı yerdə yaşamaq, daha yaxşı qidalanmaq və daha təhlükəsiz həyat sürmək istəyən insanlar onların istəklərini tələb edəcək dövlətin xərclərini daha çox ödəməlidir.

Eyni qaydalar Britaniyada da var. Məsələn, Londonun ucqarında dayanacaqda avtomobil saxlamağın 1 saatı 20 pennidirsə, mərkəzdəki Belqraviya və ya Könsinqton səmtində maşın saxlamağın bir saatı 20 funta başa gəlir. Üstəlik şəhərin mərkəzinə giriş avtomobil sahibləri üçün pulludur. Bu da bir ədalətdir. Kasıblarla yaşamaq istəmirsənsə, həmin kasıbların normal yaşamını təmin etməlisən.

Bakının mərkəzi ilə kənarlar arasında qiymət uçurumu yarana bilərmi?

Təşəbbüs cəzalandırılır

Bəs Azərbaycanda bu üsulu tətbiq etmək mümkündürmü?

Millət vəkili Fazil Mustafa Milli.Az-a açıqlamasında Azərbaycanda xidmət mədəniyyətinin "fərqli" olduğunu bildirib. Onun sözlərinə görə, məsələnin kökündə bir sıra problemlərin olduğu etiraf edilməlidir.

"Burada düşünürlər ki, bütün sahədə necə pul yığsınlar və bu pulun müəyyən qismi dövlətə, müəyyən qismi isə ciblərə getsin. Məsələlərə bu fəlsəfə ilə yanaşırlar. Yəni insanı düşünərək qərarlar qəbul olunmur. Bu səbəbdən də qiymətlərdə differensiasiyanın aparılmaması normal qarşılanır", - deyə o əlavə edib.

Bakının mərkəzi ilə kənarlar arasında qiymət uçurumu yarana bilərmi?

Millət vəkili hesab edir ki, differensiasiyanın olması vacibdir. İnsanlar bilməlidirlər ki, bahalı səmtdə qiymətlər də fərqlidir. Biznes sahələri bazar qanunları formalaşdığı üçün differensiasiya var. Ancaq dövlətin təyin etdiyi qiymətlərdə bu fərq görünmür.

"Şəhərin mərkəzində olan istehlak mallarının qiyməti ilə şəhərdən kənardakı istehlak mallarının qiymətində fərq var. Bu differensiasiya olduğu halda, nədən kommunal xidmətlərdə nəzərə alınmır. Bu, özü də düşündürücüdür. Problemin kökü ondadır ki, qurumlar özlərinə narahatlıq yaratmamaq üçün bu cür təşəbbüslərdən qaçırlar", - F.Mustafa vurğulayıb.

Deputat bildirib ki, bu məsələni gündəmə gətirmək mütləqdir.

Teymur Hacıyev
Milli.Az