İstanbul, 13 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə İstanbulda təşkil olunan anma mərasimində Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ulu Öndərin xilaskarlıq missiyasını türk dünyasının birliyi üçün tarix sərvət kimi dəyərləndirib.
Eldar İbrahimov AZƏRTAC-a müsahibəsində bildirib ki, Heydər Əliyevin 1991-ci ildə Naxçıvan Ali Məclisinin Sədri seçilməsi ilk növbədə Azərbaycanın bu tarixi bölgəsini işğaldan xilas etdi. Ulu Öndərimiz Naxçıvanda üçrəngli bayrağımızı qaldırmaqla müasir dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin hüququ varisi olduğunu bütün dünyaya bəyan etdi. Əgər 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Heydər Əliyev özünü yetirməsəydi Azərbaycanın vəziyyəti dəhşətli dərəcədə ağır nəticələrlə sona çatacaqdı. Bu isə bütün bölgəyə, o cümlədən Türkiyəyə ağır faciələr yaşadacaqdı. Ona görə də deyə bilərik ki, Heydər Əliyevin Azərbaycandakı xilaskarlıq missiyası qardaş Türkiyənin inkişafı, bugünkü nəhəng nailiyyətləri üçün də həlledici olmuşdur. Dövləti və xalqı fəlakətlərdən qurtaran şəxsiyyətlər əbədi ömür qazanırlar. Heydər Əliyev də tarixi xilaskarlıq missiyası ilə türk dünyasının qəlbində özünə əbədi yer tutub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul