Bakı, 13 may, AZƏRTAC
Rusiya Federasiyası Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, dramaturq Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında eyniadlı tamaşaya quruluş vermək üçün Bakıya gəlib.
Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki ölkənin teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən yeni səhnə əsərinin hazırlıq prosesinə mayın 13-də başlanılıb. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynlidir. Rəqslərə quruluşu Vüsal Mehrəliyev verəcək.
Azərbaycan teatr məkanında ilk dəfə müraciət olunan səhnə əsərində rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.
Tamaşanın iyunun 9-10-da nümayiş etdirilməsi nəzərdə tutulur.
Kalmıkiyalı rejissor “Xortdanın cəhənnəm məktubları”na quruluş verəcək