Qulaqda küy: Şüyüd suyu onu müalicə edirmi?

Qulaqda küy: Şüyüd suyu onu müalicə edirmi?
21:22 12 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Şüyüdün faydalı xüsusiyyətləri çoxdur. Bəzi məlumatlara görə, şüyüd həm də qulaqda yaranan küyü aradan qaldırır. Bəs doğrudan da belədirmi?  

Milli.Az e-tibb.az-a istinadən burun, qulaq, boğaz və baş, boyun cərrahiyyəsi üzrə mütəxəssis, uzman həkim Elnur Əkbərovun məqaləsini təqdim edir?

İddia olunur ki, şüyüdün özü, kökü və ya toxumunu termosda dəmləsək, sonra da süzüb hər gün yeməkdən əvvəl qəbul etsək, 1-2 aya qulaqda yaranan səs, küy itəcək.

Bir LOR həkim kimi belə xəbərlər məndə şübhə doğurur. Bu məsələyə aydınlıq gətirmək istədim.

Şüyüdün hansı növü, qramla, milliqramla və ya dəstə ilə istifadə olunmalıdır?

Sözsüz, el təbabəti anlayışı var və bu, müəyyən anlamda doğrudur. El təbabətində istifadə olunan üsulların hər hansı bir normativi yoxdur. Fərz edək ki, şüyüd suyu həqiqətən də qulaqda küyü aparır. Bu şüyüdün hansı növü, qramla, milliqramla və ya dəstə ilə istifadə olunmalıdır? Axı, dəqiq ölçüləri olmur çox vaxt.

Belə yazılara skeptik yanaşıram. Ola bilər, şüyüd suyu küyə səbəb ola biləcək hansısa səbəbi aradan qaldırmağa yardım etsin. Məsələn, hiperxolesterinemiya xəstəliyində xolesterinin qanda böyük miqdarına təsir etməklə xolesterini normaya gətirər və küy keçə, şüyüd yardımçı ola bilər.

Lakin bütün qulaq küylərinə şamil etmək qətiyyən doğru deyil. Bəlkə də şüyüd suyunun nəyəsə faydası var, amma küyə nə dərəcədə, hansı xəstəlikdə faydalı olacağı yazılmadığı üçün birmənalı təsdiqləyə bilmərik.

Küyə səbəb olmuş əsas xəstəliyin müalicəsinə paralel olaraq şüyüd suyunun istifadəsi, bəlkə də daha effektiv nəticəyə səbəb ola bilər. Amma şüyüd suyu ilə tam müalicə etmək, qulaqda küy şikayətindən müraciət edən bütün xəstələri sağaltmaq, məncə, mümkünsüzdür.

Küyə nə səbəb olur?

Qulaqda küy qulaq və qeyri-qulaq xəstəliklərindən yarana bilər. Küyə adətən orta və daxili qulaq xəstəlikləri səbəb olur. Orta qulaqda küyə eşitmə sümükcüklərinin hərəkətinin pozulması, təbil pərdəsinin tamlığının pozulması və orta qulağın həcmini pozacaq xəstəliklər aiddir.

Daxili qulaq xəstəliklərindən küyə səbəb olan kəskin və xroniki koxlear nevrit, endolimfatik hidrops və Menyer xəstəliyini göstərmək olar. Qeyri-qulaq xəstəliklərinin arasında, mərkəzi sinir sisteminin xəstəlikləri, məsələn, dağınıq skleroz, hemorragik və ya işemik tipli qan dövran pozulmaları, baş beynin yeni törəmələri kimi patologiyalar küyə səbəb ola bilər. Bunların sırasında bir sıra endokrin, revmatoloji, kardioloji, xəstəlikləri də saymaq olar.

Qulaqda küyün müalicə üsulu düzgün diaqnozun qoyulması ilə həyata keçirilir. Eşitmə testindən başlamış, gicgah sümüyünün kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası, timpanometriya və s kimi müayinələr aparmaqla küyün səbəbkarı aşkarlanırsa, hər bir xəstəliyə müvafiq müalicə həyata keçirilir. Əsas xəstəlikdən asılı olaraq dərmanla və ya cərrahi yolla müalicəsi mümkündür.

Nevroloji xəstəliklərin yarısı müalicə olunmaqla bərabər, təxminən 50 faiz qədəri də müalicəyə tabe olmur. Digər hallarda isə əsas xəstəlik aradan qaldırıldıqdan sonra qulaqdakı küy keçə bilər.

Bir sözlə, diaqnozu dəqiq təyin edilməmiş problemi, yəni qulaqdakı küyü şüyüd və ya qeyri bir vasitə ilə müalicə etmək məsləhət deyil. Bu, həkimin düzgün diaqnoz təyin etməsini bir qədər də çətinləşdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR