Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda “Aral-Xəzər dənizi hövzələrinin az məhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCBA) regional koordinatoru Kristina Toderich, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin, Botanika İnstitutunun, Mərkəzi Nəbatat bağının və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə seminarın rəhbərlik etdiyi elm müəssisəsi və İCBA arasında imzalanan memorandum əsasında icra olunan layihə üzrə həyata keçirildiyini söyləyib. Bildirilib ki, layihənin məqsədi şoran torpaqların bərpası və heyvandarlığın inkişafı üçün davamlı qida bazasının yaradılması, deqredasiya olunmuş otlaqların yaxşılaşdırılması, aqromeşəçiliyin inkişafı üçün innovativ texnologiyaların tətbiq edilməsi və qiymətləndirilməsidir.
Seminarda Kristina Toderichin “Şoran şəraitdə az məhsuldar torpaqların və suyun kompleks (və ya çoxfunksiyalı) istifadəsi (məhsulun diversifikasiyası, aqromeşəmeliorasiya, otlaq-heyvandarlıq sistemi)” və Botanika İnstitutunun doktorantı Aynurə Cəfərovanın “Kür-Araz ovalığının az məhsuldar torpaqlarının bərpası üçün bioloji yanaşma” mövzularında məruzələri dinlənilib.
Tədbirin ikinci hissəsi Kürdəmir rayonunda yerləşən Botanika İnstitutunun dayaq məntəqəsindəki pilot sahənin müşahidəsi və layihənin nəticələrinin yerli fermerlərlə müzakirəsinin aparılmasına həsr olunub. Bu istiqamətdə az məhsuldar torpaqların meliorasiyasında istifadə üçün yeni təcrübələrin əldə edilməsi, müxtəlif elm sahələrinin və iş adamlarının biliklərinin cəlb edilməsi, arid otlaq ekosistemlərin stabil fəaliyyətinin və biomüxtəlifliyinin qorunması üçün şəraitin yaradılması, ərzaq təhlükəsizliyi üzrə Avrasiya mərkəzi ilə sıx əlaqələrin saxlanılması və digər kreativ yanaşmaların perspektivləri müzakirə edilib.
Alimlər az məhsuldar torpaqlarda ərzaq təhlükəsizliyinin yüksəldilməsi məsələlərini müzakirə ediblər
Alimlər az məhsuldar torpaqlarda ərzaq təhlükəsizliyinin yüksəldilməsi məsələlərini müzakirə ediblər