Bakı, 14 may, AZƏRTAC
“Bakı yığması” ŞHK komandası Premyer-liqanın daha bir mərhələsindən uğurla keçib və Moskvadakı ŞHK Evində keçirilmiş mövsümün dörddə bir final oyununun yekunları üzrə yarımfinala çıxıb.
“Bakı yığması” ŞHK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünyada Maykl Ceksonun ən məşhur oxşarlarından biri olan Pavel Talalayevin “Bakı yığması”nın heyətində çıxış etməsi tamaşaçılar üçün böyük sürpriz olub. O, pop musiqisi kralının doğma bacısı Latoya Cekson tərəfindən Maykl Ceksonun rəsmən təsdiqlənmiş oxşarıdır. Ceksonun bütün digər oxşarlarından fərqli olaraq o, pop musiqisi kralının təbii oxşarıdır, çünki heç bir plastik əməliyyat etdirməyib.
“Bakı yığması”nın rəqibləri “Vsyo seryozno” (Kemerovo), “Meqa MASİ” (Moskva), Ali İqtisadiyyat Məktəbinin yığması (Moskva), “Dobrojelatelnıy Roman” (Sankt-Peterburq) və Ufa şəhər yığması idi. Premyer-liqanın aparıcısı oğul Aleksandr Maslyukovdur. “Bakı yığması”ndan başqa, yarımfinala daha üç komanda çıxıb.

