Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Bütün Şərqdə və Türk dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid olan “İstiqlal uğrunda” kitabı yenidən nəşr edilib.
Trend-in məlumatına görə, kitabda ölkəmizin əsarəti ilə barışmayıb tərki-vətən olmuş, ancaq öz əqidələrindən əsla dönməmiş, mühacirət ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri toplanıb. Azərbaycan Xalq Cümhuriyyətinin birinci istiqlal dövrünü tərənnüm edən, lirik şeirlərdən ibarət olan bu almanax ilk dəfə 1928-ci ildə Türkiyədə ərəb əlifbası ilə işıq üzü görüb. Kitab bu dəfə latın qrafikası ilə yenidən nəşr olunub.
Yeni redaktə və izahlarla oxucuların istifadəsinə verilən bu kitab xüsusilə gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsi baxımından qiymətlidir.
Kitabın yeganə orijinalını Əhməd Dərgahquluyev əldə edərək onu nəşriyyata təqdim edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az