Dövlətimiz 20 yanvar şəhidlərinin ailələrinə hərtərəfli qayğı göstərir

Dövlətimiz 20 yanvar şəhidlərinin ailələrinə hərtərəfli qayğı göstərir
18:58 16 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.
AzərTAc xəbər verir ki, Fondun sədri Elman Mehdiyev çıxış edərək, 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. Qeyd edib ki, öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları o gecə canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar hadisələri Azərbaycan xalqının təkcə faciə günü yox, həm də müstəqillik uğrunda aparılan mübarizənin yüksəliş zirvəsidir.
Həmin dövrdə baş verən tarixi prosesləri xatırladan E.Mehdiyev, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin faciənin ertəsi gün ailə üzvləri ilə birgə ölkəmizin Moskvadakı nümayəndəliyinə gedərək, böyük cəsarətlə bu qanlı hadisələri törədən SSRİ rəhbərliyini qətiyyətlə pislədiyini və günahkarların cəzalandırılmasını tələb etdiyini diqqətə çatdırıb.
Ulu öndərin vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımızın xatirəsinin əbədiləşdirilməsi, 20 yanvar şəhidlərinin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunması istiqamətində əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu yöndə həyata keçirilən ardıcıl tədbirlərə toxunan E.Mehdiyev vurğulayıb ki, faciə qurbanlarının sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılıb, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi barədə müxtəlif fərman və sərəncamlar verilib.
Anım mərasimi 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR